Cəmiyyət

15 Avqust

Ödəniş kartları üzrə mütəxəssis vakansiyası – Mərkəzi Bank

Finss.az - Azərbaycan Respublikasının Mərkəzi Bankı Ödəniş sistemləri və məhsulların inkişafı departamentində kart sisteminə dəstək bölməsində mütəxəssis vəzifəsi üzrə vakansiya elan edib.

Vəzifəyə qəbul olunan şəxs ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə mübahisəli məsələlərin “Dispute management” modulunda həllini təmin edəcək, “Chargeback” funksionallığını idarə edəcək və sistemdə interchange tarifləri ilə xidmət haqqlarının tətbiqini həyata keçirəcək.

Bundan əlavə, mütəxəssis banklararası xidmət haqqlarının müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edəcək, yeni iştirakçıların qoşulması ilə bağlı sənədləşdirmə işlərini həyata keçirəcək, proqram təminatlarının monitorinqini aparacaq və sistemlərin yeni versiyalarını test rejimində sınaqdan keçirəcək. Həmçinin, sistemlərin dəstəklənməsi, ölkə daxili kart ödənişlərinin effektivliyinin artırılması üzrə təkliflərin hazırlanması və şöbəyə daxil olan məktubların cavablandırılması da vəzifəyə daxildir.

Vakansiyada analitik təhlil, araşdırma aparma, komandada işləmə, məsuliyyətlilik, stressə davamlılıq, təkmilləşməyə meyllilik, təşəbbüskarlıq və ünsiyyət bacarıqları önəm daşıyır. Texniki biliklər arasında SQL, beynəlxalq kart təşkilatlarının “chargeback” funksionallığı və arbitraj proseduru, ödəniş kartlarının emissiyası və əməliyyatların aparılması, prosessinq təşkilatlarının fəaliyyəti yüksək səviyyədə tələb olunur.

Namizədlərdən ödəniş sahəsi üzrə minimum 1 il təcrübə, iqtisadiyyat, maliyyə və ya informasiya texnologiyaları üzrə ali təhsil, Azərbaycan dilində yüksək, rus və ingilis dillərində isə yaxşı səviyyədə bilik gözlənilir. MS Office proqramları üzrə bacarıq da tələb olunur.

Vakansiya haqqında ətraflı məlumatı Mərkəzi Bankın rəsmi saytından əldə etmək mümkündür.

Müəllif: Fuad Mədətov | Finss.az

Əlavə bax: Azərbaycan iqtisadiyyatına xarici və özəl investisiyalar – Yanvar-İyun 2025