Cəmiyyət

01 İyul

Yerli buğda istehsalçılarının diqqətinə

Finss.az - Dövlət Ehtiyatları Agentliyi 2025-ci il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2024-cü ildə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü elan edib.

Agentlikdən verilən məlumata görə, tədarük ediləcək buğda AZS 888:2025 “Buğda. Texniki şərtlər” standartına uyğun olaraq I, II və III sinif keyfiyyət göstəricilərinə malik olmalı, həmçinin “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə cavab verməlidir.

Ərzaqlıq buğdanın keyfiyyəti akkreditasiya olunmuş laboratoriyalar tərəfindən təsdiqlənəcək və tədarük zamanı əlavə yoxlamalar aparılacaq. Keyfiyyət tələblərinə cavab verməyən məhsul qəbul edilməyəcək. Həmçinin, buğdanın qəbul məntəqələrinə daşınması istehsalçının öz vəsaiti hesabına həyata keçirilir.

Agentlik vurğulayır ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi” üzrə Prezident fərmanına əsasən pilot layihə çərçivəsində müasir suvarma sistemləri tətbiq edilən təsərrüfatlarda istehsal edilən ərzaqlıq buğdanın təhvilində məhsul subsidiyası veriləcək. Bu subsidiyanın həcmi Nazirlər Kabinetinin müəyyən etdiyi tədarük qiymətindən aşağı olduqda aradakı fərqin kompensasiyası üçün yenilənəcək.

Yerli istehsalçılar ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri barədə təsdiq edilmiş sənədləri [email protected] ünvanına göndərməlidirlər.