Cəmiyyət

30 İyun

Sabahdan mədəniyyət sektorunda yeni vergi güzəştləri tətbiq ediləcək

Finss.az - İyulun 1-dən etibarən “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, mədəniyyət sahəsində bir sıra yeni vergi güzəştlərinin tətbiqinə başlanılır.

Bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib.

Deputatın sözlərinə görə, dəyişikliklərin əsas məqsədi mədəniyyət sektoruna daha çox sərmayələrin cəlb olunması və bu sahənin inkişafının stimullaşdırılmasıdır.

“Yeni güzəştlər mədəniyyət sahəsində göstərilən xidmətlərin maya dəyərinin azalmasına və nəticə etibarilə qiymətlərin aşağı düşməsinə səbəb ola bilər”, – deyə V.Bayramov qeyd edib.

Yeniliklərdən biri də mədəniyyət xidmətləri üzrə “ƏDV cashback” mexanizminin tətbiqidir. Belə ki, teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri kimi xidmətlərə görə nağdsız ödəniş zamanı ƏDV-nin 50%-i geri qaytarılacaq.

Bundan əlavə, mədəniyyət sahəsində fəaliyyət göstərən qurumlara 5 il müddətinə torpaq vergisindən tam azadolma, mənfəət (gəlir) vergisindən isə 90 faiz azadolma təqdim ediləcək. Qeyd edək ki, əvvəlki qanunvericiliyə əsasən bu güzəşt 75% idi.

Vüqar Bayramov əlavə edib ki, güzəşt tətbiq edilən subyektlərin sayı da artırılıb – əvvəl 1 olan subyekt sayı 5-ə çatdırılıb. Siyahıya teatrlar, muzeylər, simfonik orkestr kollektivləri və film prodüserləri də daxil edilib.