Finss.az - Bakı Yay Enerji Məktəbi Azərbaycanın artan enerji rolunu nümayiş etdirir
ADA Universitetində keçirilən 19-cu Bakı Yay Enerji Məktəbinin (Baku Summer Energy School – BSES 2025) rəsmi açılış mərasimində çıxış edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva proqramın Azərbaycanın beynəlxalq enerji siyasətindəki əhəmiyyətini önə çəkib.
Z.Mustafayeva bildirib ki, artıq təxminən iyirmi ildir fəaliyyət göstərən Bakı Yay Enerji Məktəbi akademik biliklə sənaye təcrübəsini birləşdirən nüfuzlu platformaya çevrilib:
“Proqram hər il dünyanın müxtəlif ölkələrindən ekspertləri, alimləri və siyasətçiləri bir araya gətirərək enerji sahəsindəki qlobal çağırışları müzakirə etməyə imkan yaradır. Bu isə iştirakçıların peşəkar inkişafı ilə yanaşı, enerji siyasəti üzrə beynəlxalq dialoqun dərinləşməsinə töhfə verir.”
SOCAR rəsmisi qeyd edib ki, builki iştirakçıların geniş coğrafiyası Azərbaycanın enerji və təbii resurslar sahəsində artan rolunu bir daha təsdiqləyir:
“Proqram regional enerji siyasətinin formalaşmasına, “yaşıl”, təhlükəsiz və əlçatan həllərin təşviqinə, həmçinin yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm dəstək verir.”
Qeyd edək ki, Bakı Yay Enerji Məktəbi ADA Universiteti və Caspian Energy Center-in birgə təşəbbüsü ilə təşkil olunur və enerji sahəsində regionun ən önəmli təlim və müzakirə platformalarından biri hesab olunur.