Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə qardaş Azərbaycan xalqını və media nümayəndələrini ürəkdən təbrik edirəm.
Finss.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun Naxçıvanda keçirilən “MEDİAFEST-2025” tədbirinə ünvanladığı videomüraciətdə səsləndirib.
O bildirib ki, Azərbaycan mətbuatı yalnız xəbər verməklə kifayətlənməyib, xalqın səsinə çevrilərək mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub:
“Dezinformasiyanın geniş yayıldığı dövrdə Azərbaycan mətbuatı dəqiq və doğru məlumatı çatdırmaqla həqiqət uğrunda mübarizəyə önəmli töhfə verir. Bu, yüksək peşəkarlığın və etik dəyərlərə sadiqliyin göstəricisidir”.
Fahrettin Altun, həmçinin, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan mediasının ölkənin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaqda və dezinformasiyanın qarşısını almaqda mühüm rol oynadığını vurğulayıb:
“Siz haqlı mübarizənizi müdafiə etməklə yanaşı, həqiqətin də carçısı oldunuz. Yalan və uydurma xəbərlərin qarşısını aldınız”.
Altun iki ölkə arasında media əməkdaşlığına da toxunub. O qeyd edib ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu” bu sahədə əlaqələri daha da gücləndirib.
Bundan əlavə, ortaq media platforması Türk dünyası ilə münasibətlərin inkişafı baxımından strateji əhəmiyyət daşıyır:
“Bir millət, iki dövlət” prinsipi ilə Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq kommunikasiya, enerji, logistika və müdafiə sənayesi də daxil olmaqla bütün sahələrdə inkişaf edir."
Fuad Mədətov
Finss.az

