Finss.az - “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi (ASA) jurnalistlər arasında növbəti dəfə həyat sığortası mövzusu üzrə yazı müsabiqəsinə start verir.
“Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə elan edilən yazı müsabiqəsində I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 1500, 1000, 750 AZN məbləğində pul mükafatları və sertifikatlar, o cümlədən, IV və V yerləri tutan jurnalistlərə isə qiymətli hədiyyələr təqdim olunacaq.
Yazı müsabiqəsinin şərtləri aşağıdakı kimidir:
• Müsabiqədə 26 may 2025-ci il tarixdən 1 iyul 2025-ci il tarixədək olan zaman aralığında dərc olunmuş yazılar iştirak edə bilər;
• Müsabiqədə yalnız qeyd olunan dövr ərzində mərkəzi və regional elektron və çap mediasında dərc olunan məqalələr iştirak edə bilər;
• Müsabiqədə iştirak edən məqalələr “Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb” epiqrafı ilə dərc edilməlidir;
• Müsabiqədə iştirak edən yazılar üçün işarə limiti 4000-5000 aralığında müəyyən olunub;
• Müsabiqə iştirakçısı müsabiqə üçün yazdığı məqalənin dərc olunduğu qəzet və ya jurnalın skan edilmiş elektron variantını, elektron KİV-də yerləşdirilmiş yazının isə linkini ASA-nın rəsmi e-mail ([email protected]) ünvanına mövzu yerinə “Müsabiqə üçün” yazmaqla göndərməlidir;
• Müsabiqə üçün yazılmış yazıda hər hansı bir kommersiya şirkətinin adının çəkilməsi reklam xarakteri daşıdığı üçün yolverilməz hesab olunur;
• Müsabiqədə iştirak edən yazılarda “Kredit həyat sığortası” xidmətinin maliyyə ekosisteminə və istehlak krediti götürən şəxslərin risklərinə münasibətdə təsirləri təhlil edilməlidir;
• Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə yuxarıda qeyd olunan məbləğlərdə pul mükafatları və sertifikatlar, o cümlədən, IV və V yerləri tutan jurnalistlərə isə qiymətli hədiyyələr təqdim olunacaqdır;
• Müsabiqə üçün təqdim olunmuş yazıların qiymətləndirilməsi prosesi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun nümayəndələrindən təşkil olunmuş xüsusi komissiya tərəfindən həyata keçiriləcək.
Qurumdan bildirilir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının hər il ənənəvi olaraq elan etdiyi bu yazı müsabiqələri ölkəmizdə sığorta savadlılığının artırılmasına, cəmiyyətdə sığortaya marağın formalaşdırılmasına, habelə, jurnalistlərin sığorta sahəsində də ixtisaslaşmasına töhfə vermək məqsədilə həyata keçirilir.
Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunur.

Zemfira Ms
Finss.az