Çox vaxt müştəri və satıcı arasında mübahisələr alınmış malın dəyişdirilməsi və ya qaytarılması zamanı yaşanır. İstehlakçıların öz hüquqlarını yaxşı bilməməsi məsələnin daha da böyüməsinə gətirib çıxarır. Bəzən istehlakçılar 14 gün ərzində aldıqları bütün malları qaytara biləcəklərini düşündükləri halda, malların qaytarılması və dəyişdirilməsi tələblərinin fərqli olduğunu unudurlar. Ən böyük çaşqınlıq isə “hər hansı malı dəyişdirməyi tələb etmədən birbaşa qaytarmaq olarmı?” sualıdır.
Finss.az xəbər verir ki, “vergiler.az” mövzu ilə bağlı bir sıra suallara aydınlıq gətirməyə çalışıb.
Keyfiyyətli qeyri-qida məhsulu 14 gün ərzində dəyişdirilə bilər, amma...
Lazımi keyfiyyətli qeyri-qida məhsulu öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun məhsulla dəyişdirmək hüququ var. Bu məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda təsbit edilib. Malın alınma günü sayılmadan, istehlakçı 14 gün ərzində onu dəyişdirə bilər. Qanunda o da göstərilir ki, pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət müəyyən edilə bilər.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov bildirib ki, vətəndaş tərəfindən lazımi keyfiyyətli mal dəyişdirilərkən onun istifadə olunub-olunmamasına diqqət yetirilməlidir. Yəni malın əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı yerində olmalıdır. İstehlakçı malın alınmasına dair kassa qəbzi və digər lazımi sənədləri təqdim edəcəyi halda, onun dəyişdirilməsinə icazə verilir. Qanunda da ilk növbədə malın dəyişdirilməsi ilə bağlı tələblərdən bəhs edilir. Lakin malı dəyişdirən zaman satışda uyğun məhsul yoxdursa, istehlakçı bu halda malın qaytarılmasını tələb edə bilər. Təsdiqedici sənədlərə gəldikdə isə, dəyişdirilmə zamanı lazım olan qəbzləri qaytarılma zamanı təqdim etmək məcburidir.
Bəs hansı mallar dəyişdirilə bilməz?
Qızıl, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar dəyişdirilməsi mümkün olmayan məhsullar sırasında yer alır. Lakin bu da son deyil: bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar, parfümeriya, kosmetika, eləcə də şəxsi gigiyena üçün nəzərdə tutulmuş əşyalar - diş fırçaları, daraqlar dəyişdirilməyən mallardan hesab olunur. Siyahını bir az da uzatsaq, çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, uşaq oyuncaqları da qanunla dəyişdirilməyən mallar kateqoriyasında göstərilir. Nazirlər Kabinetinin 1998-ci ildə təsdiqlədiyi 114 nömrəli qərara əsasən, kişi, qadın və uşaq corabları və alt paltarları istehsal qüsurları olduğu halda dəyişdirilə bilər.
Satışda uyğun mal yoxdursa...
Müştəri aldığı malı dəyişdirmək istəyərkən satışda uyğun mal olmadıqda, o, dəyəri yenidən hesablanmaqla istənilən başqa bir mal ala və ya qaytarılan malın dəyəri məbləğində məbləği geri götürə bilər. Bununla yanaşı, istehlakçı uyğun malın satışa gəlməsini gözləmək variantına da razılaşa bilər. E.Cəfərov bildirir ki, belə olan halda, satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat göndərməlidir.
Qüsurlu mal alan istehlakçının hüquqları
Hər şeydən əvvəl, satıcı alıcıya keyfiyyətli mal verməyə borcludur. Ancaq istehlakçı zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, onu daha keyfiyyətli mala dəyişdirə bilər. Alıcının satıcıdan qiyməti müəyyən məbləğdə azaltmağı tələb etmək hüququ da var. Qanunda o da göstərilir ki, istehlakçı malın qüsurlarının satıcının hesabına aradan qaldırılmasını və ya bunu özü etməklə çəkilən xərci qarşılamağı satıcıdan tələb edə bilər. Bundan əlavə, müştəri mala uyğun digər modelli mal ilə dəyəri yenidən hesablanmaq şərti ilə əvəz edilməsini istəyə bilər. Ən əsası isə istehlakçı alış müqaviləsinin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
Malın dəyişdirilməsi müddəti
İstehlakçı aldığı malı dəyişdirmək istəyirsə, satışda uyğun məhsul olduğu təqdirdə, bu tələb dərhal yerinə yetirilməlidir. Zərurət olarsa, malın keyfiyyəti 14 gün ərzində yoxlanılmalı və razılaşdırılmış müddətdə dəyişdirilməlidir. Qanunvericilikdə aydın şəkildə göstərilir ki, satışda uyğun mal olmazsa, dəyişdirilmə işləri 2 aydan çox ola bilməz.
Məhsulun qiyməti dəyişərsə...
Qüsurlu mal lazımı keyfiyyətli mala dəyişdirildiyi müddətdə qiymət artarsa, istehlakçı fərqi ödəməməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda yazılır ki, qiymət dəyişsə belə, malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablama aparılmalıdır.
İstehlakçı bu halda “yox” cavabı alır
Əgər satıcı maldakı qüsurun istehlakçının davranışları ilə bağlı olduğunu, yəni istifadə və saxlanma qaydalarına əməl edilmədiyi üçün baş verdiyini sübut edərsə, o halda birmənalı şəkildə alıcının tələbi təmin edilmir. E.Cəfərov qanunu xatırladaraq qeyd edir ki, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gələn qüsurlar da malın dəyişdirilməməsi üçün bir səbəbdir.
Zəmanət müddətinin malın dəyişdirilməsinə təsiri
Alınan bir məhsul üçün zəmanət müddəti müəyyənləşdirilməyibsə, istehlakçı qüsurlarla bağlı tələbləri əşyanın alındığı gündən 2 il ərzində irəli sürə bilər. Zəmanət müddətinin 2 ildən az olduğu hallarda isə qüsurlar zəmanət müddəti bitəndən sonra, lakin 2 il ərzində aşkar edilərsə və bu qüsurların satıcıya aid olduğu sübuta yetirilərsə, bu zaman məsuliyyəti satıcı daşıyacaq.