Bir müddət əvvəl respublikamızda təkrarsığortaya dair Azərbaycan dilində ilk "Təkrarsığorta" adlı kitab çapdan çıxıb.
Bu barədə Finss.az-a kitabın müəllifi fizika-riyaziyyat elmləri namizədi Tofiq Rəhim oğlu Məmtiyevdir məlumat verib.
Məlumata üçün qeyd edək ki, bu kitabdan əvvəl T.Məmtiyevin aşağıda qeyd olunan digər kitabları da nəşr olunub:
- Həyat sığortasının riyazi-demoqrafik əsasları, Bakı, 2017, 528 s.
- Həyat sığortası riyaziyyatı, Bakı, 2020, 726 s.
- Qeyri-həyat sığortası riyaziyyatı, Bakı, 2022, 948 s.
Kitab, müəllifin 2023-2024 və 2024-2025-ci tədris illərində Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisadi Universitetində təkrarsığortaya dair oxuduğu mühazirələr əsasında yazılmışdır. Kitab 9 fəsildən ibarət olub, 220 səhifədir. Kitabda təkrarsığortanın iqtisadi mahiyyəti, hüquqi əsasları, inkişaf tarixi və formaları, təkrarsığorta müqavilələrinin bağlanması, icra olunması və onlara xitam verilməsi, mütənasib və qeyri-mütənasib təkrarsığortanın növləri, maliyyə təkrarsığortası, təkrarsığortanın alternativləri, retrosessiya və təkrarsığorta daxılından bəhs olunur.
Kitabdan ali məktəblərin müəllimləri, bakalavrlar, magistrlər, doktorantlar, sığorta və təkrarsığorta şirkətlərinin mütəxəssisləri istifadə edə bilərlər.
T.Məmtiyev 23 il sığorta nəzarəti orqanında (1993-2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti, 2001-2016-cı illərdə isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi) işləmişdir. O, işlədiyi dövr ərzində iqtisadçı vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmişdir. 2009-2016-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətində "Sığorta fəaliyyətinə nəzarət" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Maliyyə Nazirliyi sistemində səmərəli fəaliyyətinə və peşəkarlığına görə 9 aprel 2010-cu il tarixində Azərbaycan Respublikası Maliyyə nazirinin Təşəkkürnaməsi ilə təltif edilmişdir.
T.Məmtiyev 2008-2012-ci illərdə Amerika Birləşmiş Ştatları, Kanada və Qazaxstandan dəvət olunmuş müəllimlər tərəfindən respublikamızda tədris edilmiş aktuar kurslarda iştirak etmiş və onları müvəffəqiyyətlə başa vuraraq müvafiq sertifikatlar almışdır. O, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Belə ki, T.Məmtiyev 2008-2015-ci illərdə respublikamızda təkrar olaraq keçirilmiş aktuar kurslarında dərs deyərək, aktuarilərin hazırlanmasında yaxından iştirak etmişdir. Hazırda pedaqoji fəaliyyətini davam etdirən T.Məmtiyev Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsində "Sığorta və maliyyədə statistik metodların tətbiqi" və "Sığorta və maliyyədə risk modelləri" fənləri, Azərbaycan Dövlət İqtisadi Universitetində isə "Sığortanın idarə edilməsi" fənni üzrə mühazirələr və seminarlar aparır.
Hal-hazırda T.Məmtiyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzində Monitorinq sektorunun müdiri vəzifəsində çalışır. O, həm də Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının üzvüdür.
Ailəlidir, iki övladı var.
