Cəmiyyət

21 Fevral

Mənzil satışında yenilik

Finss.az - Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) daşınmaz əmlak bazarında baş verən süni qiymət artımlarının qarşısını almağa istiqamətlənən tədbirləri həyata keçirəcək.

Bu barədə AQP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Fərzəliyev bildirib. Onun sözlərinə görə, daşınmaz əmlak bazarında uzun illərdir ki, həm təbii, həm də süni qiymət artımları baş verir, bu isə bazarın şəffaflığını və stabil funksionallığını pozur.

Elnur Fərzəliyev süni qiymət artımına şərait yaradan əsas amillərdən birinin qeyri-peşəkar qiymətləndiricilər olduğunu qeyd edib. AQP rəsmisi əlavə edib ki, daşınmaz əmlak bazarında fəaliyyət göstərən bəzi rieltorlar, reallığa uyğun olmayan və şişirdilmiş qiymətlərlə əmlakları satışa təqdim edir. Bu isə bazarın normallaşmasına mənfi təsir göstərir.

“Əmlak bazarında qiymətləndiricilərin verdiyi rəylər çox önəmlidir. Lakin uzun müddət ərzində, qiymətləndirmə sahəsində çalışan bir çox şəxslər qeyri-peşəkar olub, qiymətləndirmələri dəqiq və obyektiv şəkildə həyata keçirməyiblər. Bu, bazarda qiymətlərin süni şəkildə artmasına və alıcıların aldanmasına səbəb olub”, – deyə Fərzəliyev qeyd edib.

AQP-nin fəaliyyəti ilə bağlı yeniliklərə diqqət çəkən Fərzəliyev bildirib ki, artıq qiymətləndirmə fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər, Dövlət İmtahan Mərkəzində qiymətləndirmə sahəsi üzrə imtahan verməli və imtahanı müvəffəqiyyətlə keçənlər yalnız Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü ola bilərlər. Bu dəyişiklik, qiymətləndiricilər arasında peşəkarlıq standartlarını yüksəltməyi və yalnız düzgün və şəffaf qiymətləndirmələrə imkan yaratmağı hədəfləyir.

“Yeni qanunvericilik, qeyri-peşəkar qiymətləndiriciləri bazardan uzaqlaşdıracaq və bu da daşınmaz əmlak bazarının şəffaflığını təmin edəcək. Həmçinin, qiymətləndirmə sahəsində yalnız peşəkarların fəaliyyət göstərməsi ilə, bazarda baş verən süni qiymət artımları aradan qaldırılacaq,” – Fərzəliyev vurğulayıb.