20–24 dekabr tarixlərində keçirilən IV Azərbaycan Vokalçıları Festivalı uğurla yekunlaşıb. Festivalın bağlanış mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.
Finss.az xəbər verir ki, tədbirdə çıxış edən Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı vokal musiqisinin önəmini vurğulayaraq festivalın yeni ifaçıların tanınmasına böyük töhfə verəcəyinə ümid etdiyini bildirib.
Gecədə Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xor kollektivi çıxış edib. Əməkdar artist Ramil Qasımov və xor kollektivi Nəsimi operasından ariya, həmçinin Üzeyir Hacıbəylinin “Koroğlu” operasından parçalar ifa ediblər.
Festival Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bülbül Vokal Məktəbi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən təşkil olunub.