Cəmiyyət

18 Dekabr

Azərbaycan memarlığına ağır itki

Finss.az xəbər verir ki, Azərbaycanın Əməkdar memarı Fəxrəddin Böyük oğlu Miralayev vəfat edib.

Fəxrəddin Miralayev 14 mart 1951-ci ildə Qazax şəhərində anadan olub. 1968-1974-cü illərdə Azərbaycan Politexnik institutunda təhsil alıb və memar kimi karyerasına başlayıb. 1975-1982-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bərpa idarəsində, 1983-1992-ci illərdə isə "Bərpaçı" Baş idarəsində memar vəzifəsində çalışıb. 1992-2000-ci illərdə Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri olub. 2001-2002-ci illərdə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Memarlıq abidələrinin bərpası və mühafizəsi Komitəsinin Baş idarəsinin rəisi kimi fəaliyyət göstərib.

2003-2015-ci illərdə "Azərbərpa" Elmi-Tədqiqat layihə institutunda baş memar vəzifəsini tutan Miralayev, 100-ə yaxın bina layihəsinin müəllifidir. Onun rəhbərlik etdiyi və ya iştirakı ilə həyata keçirilmiş mühüm layihələr arasında Opera və Balet Teatrının bərpası, Bibi Heybət məscidi, Buzovnada Cümə məscidi, Fəxri Xiyabanın və Şəhidlər Xiyabanının rekonstruksiyası, Gəncədəki İmamzadə Dini-memorial kompleksi və İçəri Şəhərin qala divarlarının bərpası yer alır. Həmçinin, o, Nəsimi meydanında yeraltı qaraj və mağaza, Zərifə Əliyeva və Heydər Əliyev prospektlərində yerləşən binaların layihələrinin müəllifidir.