Cəmiyyət

17 Dekabr

“Narqız” animasiyasında milli təhlükəsizlik mesajı

Azərbaycanın tanınmış animasiya rejissoru Məsud Pənahinin “Narqız” adlı qısametrajlı animasiya filminin istehsalı başa çatıb.

Finss.az xəbər verir ki, “Narqız” filmi Azərbaycan Respublikası Kino Agentliyinin maliyyə dəstəyi ilə “Peri Film” MMC (ANİMAFİLM Studio) tərəfindən çəkilib. Filmin premyerası yaxın günlərdə keçiriləcək.

Uşaqlar üçün nəzərdə tutulan bu maarifləndirici film mina təhlükəsinə diqqət çəkmək, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə işləri haqqında məlumatları tamaşaçılara çatdırmaq məqsədi daşıyır. Film mina təhlükəsindən qorunmaq qaydalarını və ehtiyatlı davranmağın vacibliyini vurğulamaqla yanaşı, milli mədəni irs və təsviri sənətin müasir audiovizual vasitələrlə birləşməsi ilə diqqət çəkir.

Filmin quruluşçu rejissoru Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyev, ideya müəllifi Bəhruz Pənahi, ssenari müəllifləri Məsud Pənahi və İsmayıl İman, bəstəkarı Azər Hacıəsgərli, səs rejissoru isə Nadir Mahmudovdur.

Qeyd edək ki, “Narqız” filmi Azərbaycan Respublikası Kino Agentliyinin 2023-cü ilin iyulun 18-də elan etdiyi film layihələri müsabiqəsinin qalibi olub və istehsalına dəstək göstərilməsi təsdiqlənib.