Son zamanlar valideynlər kişi adlarının sonuna "a" və ya "ə" şəkilçiləri əlavə edərək yeni qadın adları yaratmaqla bağlı müraciətlərini artırıblar.
Finss.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.
S.Sadıqova qeyd edib ki, bu cür müraciətlərin sayı artıb və valideynlər daha çox sistemdə mövcud olan adlara müraciət edirlər. Məsələn, Cəsur-Cəsurə, Cavid-Cavidə, Afiq-Afiqə, Əzim-Əzimə, Nuh-Nuhə, Nihad-Nihadə, Əfqan-Əfqanə, Aqşin-Aqşinə kimi adlar göstərilə bilər.
Sədr müavini əlavə edib ki, bu il ölkədə oğlan uşaqlarına ən çox verilən adlar arasında Əli, Məhəmməd, Murad, Uğur, Onur, Adnan, Altay, Babur, Bamsı var. Qızlara isə ən çox Fatimə, Zəhra, Banuçiçək, Nur, Selcan, Aysun, Ümra adı qoyulub.
Həmçinin, bu il mürəkkəb adların yazılması ilə bağlı müraciət daxil olub. Azərbaycan dilində mürəkkəb adlar bitişik yazıldığından, iki-üç adın böyük hərflərlə ayrılıqda yazılmasına icazə verilməyib, məsələn, "Əli Əzim Məhəmməd" kimi.