Cəmiyyət

17 Dekabr

Süni intellekt və media etikası: Balans necə saxlanılmalıdır?

Ənənəvi mediada süni intellektin yaratdığı imkanlar və risklər balanslı şəkildə dəyərləndirilməlidir.

Finss.az xəbər verir ki, bu fikri Medianın İnkişafı Agentliyinin (MEDIA) İcraçı direktoru Əhməd İsmayılov "Media Savadlılığı" konfransında səsləndirib.

Əhməd İsmayılov vurğulayıb ki, yeni medianın məzmun istehsalında peşəkarlığın artırılması, cəmiyyətin media savadlılığının yüksəldilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, bu, cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı və genişmiqyaslı bir prosesdir:
"Media savadlılığı həm təhsil sistemində mövzunun tədrisini, həm də mediada savadlı istehlakçıların formalaşdırılmasını ehtiva edir."

Agentlik rəhbəri əlavə edib ki, beynəlxalq təcrübədə media savadlılığının artırılması üçün ən çox tətbiq olunan strategiyalar mövzunun tədris sisteminə daxil edilməsi və koordinasiyalı maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. O, həmçinin müvafiq maarifləndirici internet resurslarının yaradılması və milli nəşrlərin əhali arasında yayılmasının vacibliyini vurğulayıb:
"Bu tədbirlər nəzəri biliklərlə yanaşı, praktik bacarıqların da inkişaf etdirilməsinə xidmət edir."