Cəmiyyət

16 Dekabr

Ombudsman Aparatı psixi sağlamlıq və insan hüquqları üzərində işləyir

Ombudsmanın yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradılıb.

Finss.az xəbər verir ki, bu, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə əsasən psixiatriya yardımı göstərilən şəxslərin hüquqlarına və qanuni mənafelərinə nəzarət edən qurum olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) müəyyən edilməsi ilə bağlıdır.

Cari ilin aprel ayında Ombudsman Aparatının təşkilatçılığı ilə keçirilən “Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda dəyirmi masada irəli sürülən təkliflər və tövsiyələr əsasında, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradılıb.

İşçi Qrupda müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, psixi sağlamlıq üzrə ekspertlər və Ombudsman Aparatının əməkdaşları yer alır.

Qrupun yaradılmasında məqsəd, beynəlxalq təcrübədən yararlanaraq, cəmiyyətin həssas qruplarının müdafiəsi üçün yeni standartların qəbul olunması, qanunvericiliyin təkmilləşdirilməsi, psixiatriya yardımı göstərilən müəssisələrdə xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflərin irəli sürülməsi və maarifləndirici təlim proqramlarının hazırlanmasıdır. Bu təşəbbüs inklüziv cəmiyyətin qurulmasına töhfə verməyi hədəfləyir.