Cəmiyyət

16 Dekabr

Azərbaycanın Səfəvi dövrü xalçaları dünyaya tanıdılacaq

Dekabrın 24-də Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” adlı sərgi açılacaq.

Finss.az xəbər verir ki, sərgidə ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə nümayiş olunacaq. Ayrıca, XVI əsrdə “Şahnamə” əsərinə çəkilmiş miniatür də sərgidə yer alacaq.

Sənət əsərləri arasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer alacaq. Səfəvi dövründə Azərbaycanda orijinal bədii quruluşa malik bu cür xalıların istehsalı genişlənmiş, xalçaçılıq sənəti çiçəklənmə dövrünü yaşamışdır. Həmin dövrdə Şirvan, Qarabağ, Bakı, Quba kimi toxuculuq mərkəzlərində hazırlanan xalçaların ölçüləri böyüyüb və bu xalçalar islimi, xətai, bulud, əjdaha, simurq, həyat ağacı kimi təsvirlərlə bəzədilib.

Sərgi Azərbaycan xalçalarının keyfiyyəti və bədii xüsusiyyətləri ilə dünyada yüksək qiymətləndirildiyini bir daha vurğulayır. Qərbin aristokratları əsrlər boyu Azərbaycan xalçalarını toplayıb, sarayları, malikanələri və dini abidələri bəzəyiblər. Bu xalçalara və digər sənət nümunələrinə indiyə qədər böyük maraq göstərilir.

Sərgi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Amir TextilesRugs” MMC, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” aviaşirkətinin birgə təşkilatçılığı ilə keçirilir. Sərgi 10 may 2025-ci il tarixinədək davam edəcək.