Dünən Sony şirkəti Xperia 1 IV adlı yeni flaqman smartfon modelini təqdim etmişdi. İndi isə şirkət orta səviyyəli Xperia 10 IV adlı smartfonunu təqdim edib. Yeni smartfonun fərqləndirici özəllikləri sırasında sudan qorunan gövdə, yüksək həcmli batareya və 10 qat hibrid zoom özəllikli əsas arxa kamera var. Beləliklə Xperia 10 IV smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib 2520x1080 piksel keyfiyyətli 6 düym OLED ekran ilə təchiz olunub. Ön kamera ekranın yuxarı hissəsindəki çərçivədə yerləşdirilib. Smartfonun gövdəsi IP65 və IP68 standartları üzrə sudan və tozdan qorunur. Bununla yanaşı smartfon hər iki tərəfdən Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
Xperia 10 IV-də naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş, Dolby Atmos dəstəkli səsgücləndiricilər və kontaktsız ödənişlər üçün olan NFC çipinin dəstəyi reallaşdırılıb. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 695 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 12 MP (f/1.8 diafraqma, 27 mm fokus məsafəsi, 75 dərəcə bucaq əhatəsi, 10 qat hibrid zoom, optik və elektron stabilizasiya) + 8 MP (f/2.2 diafraqma, 54 mm fokus məsafəsi, 43 dərəcə bucaq əhatəsi) + 8 MP (f/2.2 diafraqma, 16 mm fokus məsafəsi, 120 dərəcə bucaq əhatəsi) üçlü arxa kamera, 8 MP-lik (f/2.0 diafraqma, 78 dərəcə bucaq əhatəsi) ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xperia 10 IV modeli Android 12 vasitəsilə çalışır. Smartfonun Avropada satışlarına iyunda start veriləcək və satış qiyməti 499 avro təşkil edəcək.
© Technote