İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Koordinasiya Ofisinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Mərkəzin fəaliyyət istiqamətləri, o cümlədən monitorinq və qiymətləndirmə fəaliyyəti, Mərkəzin nəzdində fəaliyyət göstərən portallar barədə qonaqlara ətraflı məlumat verib.
Fins.az xəbər verir ki, Koordinasiya Ofisinin eksperti Yunus Kayış və dosent Ali Aycı isə “İƏT-ə üzv ölkələrdə e-ticarətin inkişaf etdirilməsi” mövzusunda hazırladıqları hesabat barədə danışıblar. Onlar e- ticarət sahəsində inkişaf etmiş ölkələrin təcrübələri əsasında islam ölkələrində bu sahədə vəziyyətin öyrənildiyini və nəticələrin hesabata daxil edildiyini bildiriblər. Qonaqlar bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərin və inkişaf perspektivlərinin də İƏT üçün önəmli olduğunu vurğulayıblar.
Daha sonra “azexport.az” portalının rəhbəri Ayxan Qədəşov və Rəqəmsal Ticarət Qovşağının rəhbəri İsmət Mehrəliyeva Mərkəzin innovativ layihələri haqqında ətraflı məlumat veriblər və sualları cavablandırıblar. Qonaqlar “azexport.az” təcrübəsinin İƏT-ə üzv ölkələrin bir çoxu üçün yaxşı nümunə ola biləcəyini və bu təcrübənin də hazırladıqları hesabata daxil ediləcəyini bildiriblər.
Görüşdə həmçinin e-ticarətin inkişafı baxımından rəqəmsal həllərin tətbiqi, bu sahədə insan kapitalının inkişafı, təcrübə mübadiləsi, əsas çağırışlar və perspektivlər üzrə müzakirələr aparılıb.