BİZNES

17 Fevral

Azərbaycan mebel istehsalçıları bir araya gəldi – ixrac potensialı müzakirə olundu

Finss.az - Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi arasında əməkdaşlıq çərçivəsində böyük mebel istehsalçılarının iştirakı ilə işgüzar görüş keçirilib.

Görüşün əsas məqsədi Azərbaycan mebel sektorunun ixrac potensialını artırmaq, dövlət dəstəyini gücləndirmək və beynəlxalq bazarlara çıxışı sürətləndirmək olub. Tədbirdə ixrac prosesindəki əsas çətinliklər və problemlərin həlli yolları müzakirə edilib.

Görüşdə iştirak edənlər arasında Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri Fərman İslamlı, sədr müavini və AZMOB rəhbəri Tural Ozan, həmçinin Embawood, Foriella MMC, Perla, Saloğlu, Qardaşlar, Məmmədoğulları, Crystal Mebel, Panarea MMC, Woodpecker, Greenwood və Damla mebel şirkətlərinin rəhbər heyəti olub.

Assosiasiya bu görüşlə böyük mebel istehsalçılarını bir araya gətirərək əməkdaşlıq imkanlarını genişləndirib. Növbəti mərhələdə orta və kiçik mebel istehsalçılarının da ixrac prosesinə cəlb olunması planlaşdırılır.

Azərbaycan mebeli beynəlxalq bazarlarda daha güclü mövqe tutmaq üçün strateji addımlar atır və yerli istehsalçılar ixrac imkanlarını artırmaq məqsədilə birgə fəaliyyət göstərirlər.