BİZNES

19 Fevral

İntellektual oyun və təlimlər üçün tender elan edilib

Finss.az - Bakı Şəhər Gənclər və İdman İdarəsi gənclər siyasəti üzrə tədbirlərin təşkili üçün malların və xidmətlərin satınalınması məqsədilə elektron açıq tender elan edib.

Tenderin nömrəsi 2026/AT/00679/V1, ehtimal olunan dəyəri isə 367.366,35 AZN təşkil edir. Təkliflərin təqdim olunma və zərflərin açılış tarixi 17 mart 2026, saat 17:00-dır.

Tender çərçivəsində keçiriləcək tədbirlər müxtəlif intellektual oyunlar – “Nə? Harada? Nə zaman?”, “Fibonaççi”, “Zəka oyunu”, “Breynrinq” və “Xəmsə” formatında təşkil ediləcək. Tədbirin texniki təminatı, tribuna, səs sistemi, proyektor və lövhə ilə təmin olunması, aparıcılıq və yarış protokollarının hazırlanması 30 gün ərzində həyata keçiriləcək.

Tender həmçinin nəqliyyat xidmətlərini əhatə edir. 2019 və sonrakı il istehsalı olan, GPS və videoqeydiyyatçı ilə təchiz edilmiş komfortlu avtobuslar tələb olunur: 6 böyük (45 nəfərlik)5 kiçik (25–30 nəfərlik) avtobus. Böyük avtobuslar Quba, Goranboy, Yevlax və digər regionlarda, kiçik avtobuslar isə Bakı və Abşeronda istifadə olunacaq. Sürücülər D kateqoriyası üzrə lisenziyaya malik olmalı və ən azı 3 il təcrübəyə sahib olmalıdır.

Tender həmçinin təlim və qidalanma xidmətlərini əhatə edir. Müxtəlif mövzularda keçiriləcək təlimlər üçün sertifikatlı təlimçilər 30 adam-gün, iştirakçılar üçün çay və kofe break xidməti isə 1.000 nəfər üçün təmin olunacaq, xidmət çay, kofe, ən azı 3 növ şirniyyat və meyvəni əhatə edir.

Logistika xidməti də tenderin tərkibindədir: tədbirlərdə istifadə olunacaq avadanlıq, əşya və hədiyyələrin daşınması üçün 2 nəfər fəhlə, 2 gün müddətində xidmət göstərəcək.

Tenderdə iştirak haqqı 350 AZN, sənədlərlə tanışlıq üçün istifadə haqqı isə 25 AZN təşkil edir. Prosedurlar tam elektron qaydada PORTAL vasitəsilə həyata keçiriləcək.