BİZNES

16 Fevral

Balkanlar ilə Cənubi Qafqaz arasındakı əməkdaşlığın yeni inkişaf arxitekturası

Belqradda Azərbaycan və Serbiya liderlərinin mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini bir daha nümayiş etdirib.

Finss.az - Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı bildirib ki,  Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiç tərəfindən səsləndirilən mesajlar göstərir ki, Azərbaycan-Serbiya tərəfdaşlığı klassik ikitərəfli münasibətlər modelindən çıxaraq regional enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı və geoiqtisadi inteqrasiya platformasına çevrilir. Son beş ildə Azərbaycan ilə Serbiya arasında xarici ticarət dövriyyəsinin 15 dəfə artaraq 2025-ci ilin yekununda 135 milyon ABŞ dollarına çatması, eləcə də formalaşmış yüksək siyasi etimad səviyyəsi iqtisadi və texnoloji əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm institusional baza yaradıb. Bu dinamik inkişafın məntiqi davamı olaraq, 2025-ci ildə Serbiyadan idxal 55 faiz artıb, eyni zamanda bu ölkədən Azərbaycanın qeyri-neft sektoruna yönəldilmiş birbaşa investisiyaların həcmi indiyədək təxminən 10 milyon ABŞ dollarına çatıb. Ümumilikdə, liderlər səviyyəsində aparılan müzakirələr təsdiqləyir ki, tərəflər yalnız mövcud layihələrin icrası ilə kifayətlənmir, eyni zamanda uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən birgə yol xəritəsi formalaşdırır. Bu yanaşma tərəfdaşlığı strateji kapital kimi möhkəmləndirir.

İİTKM-in şöbə müdiri qeyd edib ki, ölkə liderlərinin bəyanatlarında xüsusi vurğulanan istiqamətlərdən biri energetika sahəsidir. Təbii qaz ixracı, elektrik enerjisi istehsalı və yeni generasiya güclərinin yaradılması üzrə razılaşmalar göstərir ki, əməkdaşlıq artıq resurs tədarükü mərhələsini keçərək birgə istehsal və infrastruktur quruculuğu mərhələsinə daxil olur. Azərbaycan-Serbiya energetika əməkdaşlığının genişlənməsi enerji ixracının artırılması, təmiz elektrik istehsalının təşviqi və bərpaolunan mənbələr hesabına generasiya güclərinin yüksəldilməsi ilə xarakterizə olunur.  2029-cu ilə qədər 500 meqavatlıq enerji istehsalı gücünə malik qazla işləyən elektrik enerjisi stansiyasının açılması buna bariz nümunədir. Planlaşdırılan qazla işləyən elektrik stansiyasının inşası enerji təminatı olmaqla yanaşı, texnologiya transferi, sənaye kooperasiyası və investisiya axınlarının dərinləşməsi baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, hazırda 2 giqavat olan ixrac potensialımızın 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü ilə artırılması və transmissiya infrastrukturunun inkişafı Azərbaycanın Avropa enerji bazarındakı strateji mövqeyini daha da möhkəmləndirəcək.

Belqrad və Bakı arasında “Air Serbia” vasitəsilə həyata keçiriləcək birbaşa reysin açılması isə turizm axınlarının artırılması və logistik bağlantıların genişlənməsi, humanitar və xidmət sektorunda yeni artım nöqtələri yaratma potensialına malikdir. Bu proses iqtisadi diplomatiyanın “yumşaq güc” komponentini gücləndirərək xalqlar arasında sosial-mədəni yaxınlaşmanı da sürətləndirir.

Lətif Zeynallı əlavə edib ki, mövcud dinamika Azərbaycan-Serbiya münasibətlərinin Balkanlar ilə Cənubi Qafqaz arasında əməkdaşlığın klassik diplomatik çərçivəsini aşaraq çoxölçülü və institusional əsaslara söykənən strateji tərəfdaşlıq arxitekturasına transformasiya olunduğunu göstərir. Enerji, investisiya, sənaye, nəqliyyat və texnologiya sahələrində formalaşan sinerji yaxın illərdə tərəflərin regional təsir imkanlarını daha da artıracaq. Bu baxımdan, Belqrad görüşü gələcək onilliklər üçün formalaşan yeni əməkdaşlıq fəlsəfəsinin siyasi manifesti kimi qiymətləndirilə bilər.