BİZNES

16 Fevral

Azərbaycanda orta illik inflyasiya 6 %-ə yaxın olub

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayına nisbətən 105,7 faiz təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 107,1 faiz, qeyri-qida məhsulları 103,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 105,6 faiz səviyyəsində qeydə alınıb.

Əvvəlki aya nisbətən istehlak qiymətləri indeksi 101,5 faiz, qida məhsulları və tütün üzrə isə 101,3 faiz olub.

Qida məhsullarında qiymət dəyişiklikləri:
Yanvarda ən çox bahalaşma makaron, yulaf yarması, kolbasa, balıq və balıq məhsulları, süd, qatıq, pendir, şor, kəsmik, yumurta, naringi, banan, alma, armud, xurma, kivi, qoz, fındıq, göyərti, xiyar, pomidor, şirin bibər, balqabaq, badımcan, sarımsaq, kartof, şokolad məmulatları, araq, konyak, şərab və siqaret məhsullarında müşahidə olunub. Ucuzlaşma isə yumru düyü, portağal, ağ kələm, süfrə çuğunduru, yerkökü və tomat pastasında qeydə alınıb.

Qeyri-qida məhsullarında qiymət dəyişiklikləri:
Bahalaşma parça, divar kağızı, plastik pəncərə, laminat parket, sement, masa və oturacaq mebelləri, xalça, istilik qurğusu, kiçik elektrik cihazları, “Aİ-92” benzini, dizel, mühərrik yağı, mobil telefon, qəzet və zərgərlik məmulatları üzrə müşahidə olunub. Ucuzlaşma isə kəsilmiş taxta, soyuducular, kondisionerlər və planşet kompüterlər üzrə baş verib.

Əhaliyə göstərilmiş ödənişli xidmətlərdə:
Bahalaşma əsasən elektrik enerjisi və təbii qaz təchizatı, tibbi və stomatoloji xidmətlər, taksi, bərbərxana, restoran və kafe iaşə xidmətləri üzrə qeydə alınıb. Ucuzlaşma isə malların çatdırılması və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinə aiddir.

Digər məhsul və xidmətlərdə yanvarda ciddi dəyişiklik müşahidə olunmayıb.

Fuad Mədətov
Finss.az