24 fevral 2026-cı il tarixində Bakıda “Türkiyə–Azərbaycan Ticarət Nümayəndə Heyəti və B2B Görüşləri” keçiriləcək.
Finss.az xəbər verir ki, tədbir Türkiyə Respublikası Ticarət Nazirliyinin koordinasiyası ilə, Türkiyə İxracatçılar Assambleyası (TİM) tərəfindən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq çərçivəsində, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) tərəfdaşlığı ilə təşkil olunur.
Məlumata görə, görüşlər çərçivəsində Türkiyənin müxtəlif sektorlarını təmsil edən aparıcı şirkətlərlə birbaşa ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək. Tədbir şirkətlər arasında birbaşa əlaqələrin qurulması, yeni əməkdaşlıq imkanlarının araşdırılması və qarşılıqlı investisiya perspektivlərinin müzakirəsi baxımından mühüm platforma rolunu oynayacaq.
Layihənin mətbuat və PR meneceri, həmçinin tədbirin aparıcısı Fidan Oruc Əliyeva bildirib ki, təşəbbüs iki qardaş ölkə arasında iqtisadi və ticarət münasibətlərinin daha da dərinləşdirilməsinə xidmət edir. Onun sözlərinə görə, platforma real sektor nümayəndələri üçün effektiv şəbəkələşmə və konkret biznes razılaşmalarının əldə olunması imkanları yaradır.
Tədbirin əsas məqsədi Türkiyə və Azərbaycan arasında mövcud iqtisadi əməkdaşlığın genişləndirilməsi, ixrac və investisiya imkanlarının artırılması, eləcə də sahibkarlar arasında birbaşa dialoqun təşviq edilməsidir.
Azərbaycan iş dünyasının nümayəndələri tədbirdə fəal iştirak etməyə dəvət olunur.

