BİZNES

13 Fevral

Ötən il BTC boru kəməri vasitəsilə 207 milyon barel neft ixrac olunub

2025-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 207 milyon barel (təxminən 27 milyon ton) neft ixrac olunub.

Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ildəki 223 milyon barel ilə müqayisədə illik ifadədə 7,2% azalma deməkdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib. 2025-ci ilin sonunadək bu kəmər vasitəsilə təqribən 619 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhan terminalında 6145 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

BTC boru kəməri hazırda əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft“Şahdəniz” yatağından kondensat ixrac edir. Bununla yanaşı, BTC vasitəsilə Xəzər regionuna aid digər neft və kondensat həcmlərinin (Qazaxıstan, Türkmənistan, eləcə də Azərbaycanda SOCAR tərəfindən hasil olunan neft) nəqli də davam etdirilir.

BTC səhmdarlarının pay bölgüsü:

  • SOCAR – 32,97%
  • bp – 30,10%
  • MOL – 8,90%
  • TPAO – 6,53%
  • Eni – 5,00%
  • TotalEnergies – 5,00%
  • İTOÇU – 3,40%
  • ONGC Videş – 3,10%
  • ExxonMobil – 2,50%
  • İNPEKS – 2,50%

Fuad Mədətov
Finss.az