2025-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri üzrə əməliyyat xərcləri təxminən 131 milyon ABŞ dolları, əsaslı xərclər isə 98 milyon dollar təşkil edib.
Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, bu göstəricilər 2024-cü illə müqayisədə əməliyyat xərclərinin 10,3% azalması, əsaslı xərclərin isə 2,2 dəfə artması ilə fərqlənir.
BTC boru kəməri hazırda əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzər regionunun digər xam neft və kondensat həcmləri, o cümlədən Qazaxıstan, Türkmənistan və SOCAR-ın Azərbaycanda hasil etdiyi digər neft həcmləri də nəql olunur.
2025-ci ildə BTC vasitəsilə təqribən 27 milyon ton (təxminən 207 milyon barel) xam neft və kondensat ixrac olunub və Ceyhan terminalında 283 tankerə yüklənərək göndərilib.
BTC səhmdarlarının pay bölgüsü:
- SOCAR – 32,97%
- bp – 30,10%
- MOL – 8,90%
- TPAO – 6,53%
- Eni – 5,00%
- TotalEnergies – 5,00%
- İTOÇU – 3,40%
- ONGC Videş – 3,10%
- ExxonMobil – 2,50%
- İNPEKS – 2,50%
Fuad Mədətov
Finss.az
