2025-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb, 128 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən isə idxal həyata keçirilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla 2025-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 48 milyard 905,8 milyon ABŞ dolları təşkil edib. Bunun 24 milyard 526,1 milyon dolları və ya 50,1 faizi ixracın, 24 milyard 379,7 milyon dolları və ya 49,9 faizi idxalın payına düşüb və nəticədə 146,4 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2024-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artsa da, real ifadədə 8,6 faiz, o cümlədən idxal 8,5 faiz, ixrac isə 8,7 faiz azalıb.
Hesabat dövründə qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 628,2 milyon dollar olub ki, bu da 2024-cü illə müqayisədə faktiki qiymətlərlə 8,1 faiz artım, real ifadədə isə 18,1 faiz azalma deməkdir.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ümumi xarici ticarət dövriyyəsinin 24,0 faizi İtaliya, 11,6 faizi Türkiyə, 10,0 faizi Rusiya, 9,9 faizi Çin, 3,6 faizi İsveçrə, 3,1 faizi ABŞ, 2,8 faizi Almaniya, 2,3 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Avstraliya, Gürcüstan və Yunanıstan, 1,7 faizi Bolqarıstan, hər biri 1,6 faiz olmaqla Çexiya və Özbəkistan, hər biri 1,4 faiz olmaqla Rumıniya, Xorvatiya və Qazaxıstan, 1,3 faizi İran, 1,0 faizi Ukrayna, hər biri 0,9 faiz olmaqla Portuqaliya və Belarus, hər biri 0,8 faiz olmaqla Fransa və Hindistan, 12,5 faizi isə digər ölkələrin payına düşüb.
İdxalda əsas tərəfdaş Çin olub və ümumi idxalın 19,6 faizi bu ölkənin payına düşüb. Rusiyanın payı 15,3 faiz, Türkiyənin 9,6 faiz, ABŞ-ın 6,1 faiz, İsveçrənin 5,3 faiz, Avstraliyanın 3,7 faiz, Almaniyanın 3,4 faiz, Birləşmiş Krallığın 3,3 faiz, Özbəkistanın 2,9 faiz, İranın 2,6 faiz, Qazaxıstanın 2,4 faiz, İtaliyanın 2,1 faiz olub. Hər biri 1,4 faiz olmaqla Belarus və Yaponiya, hər biri 1,3 faiz olmaqla Koreya, Braziliya və Meksika, hər biri 1,2 faiz olmaqla Kanada, Ukrayna və Cənubi Afrika Respublikası, 1,1 faiz Fransa, 0,9 faiz Hindistan, 11,4 faiz isə digər ölkələrin payına düşüb.
İxracda isə əsas istiqamət İtaliya olub və ümumi ixracın 45,3 faizi bu ölkəyə yönəlib. Türkiyənin payı 13,5 faiz, Rusiyanın 4,7 faiz, Yunanıstanın 3,3 faiz, Bolqarıstanın 3,2 faiz, Çexiyanın 3,0 faiz, Gürcüstanın 2,8 faiz, Xorvatiyanın 2,7 faiz, Rumıniyanın 2,5 faiz, Almaniyanın 2,2 faiz, İsveçrənin 1,9 faiz, Portuqaliyanın 1,7 faiz, Birləşmiş Krallığın 1,4 faiz, İrlandiyanın 1,2 faiz, hər biri 0,9 faiz olmaqla Tunis və Ukraynanın, 0,8 faiz Niderlandın, 0,7 faiz Hindistanın, 0,6 faiz Fransanın, hər biri 0,5 faiz olmaqla Suriya, Serbiya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Əfqanıstanın payına düşüb, 4,2 faiz isə digər ölkələrə yönəlib.
Qeyri neft-qaz ixracında Rusiyanın payı 32,4 faiz, Türkiyənin 16,5 faiz, Gürcüstan və İsveçrənin hər birinin 9,6 faiz, Ukraynanın 5,5 faiz, Birləşmiş Ərəb Əmirliklərinin 3,1 faiz, Qazaxıstanın 2,6 faiz, Belarusun 2,2 faiz, Özbəkistanın 2,1 faiz, Türkmənistan və ABŞ-ın hər birinin 1,7 faiz, Almaniyanın 1,3 faiz, İtaliyanın isə 1,2 faiz olub.
2024-cü illə müqayisədə 2025-ci ildə xam şəkər idxalı 24,2 faiz, unlu qənnadı məmulatları 0,3 faiz, mal əti 12,9 faiz, təzə tərəvəz 29,0 faiz, siqaretlər 3,0 dəfə, minik avtomobilləri 38,1 faiz, avtobuslar 2,2 dəfə, mineral gübrələr 6,8 faiz, polietilen 20,7 faiz, məişət kondisionerləri 10,3 faiz, polipropilen 3,1 faiz, qara metallardan künclüklər 5,9 faiz, məişət soyuducuları 10,3 faiz artıb.
Eyni dövrdə buğda idxalı 1,9 faiz, bitki yağları 18,5 faiz, kərə yağı və digər süd yağları 15,9 faiz, təzə meyvə 13,1 faiz, şokolad məhsulları 4,2 faiz, çay 6,4 faiz, kartof 5,6 faiz, quş əti 31,6 faiz, dərman vasitələri 14,9 faiz, polad prokatı 3,2 faiz, qara metallardan borular 7,5 faiz, hesablama maşınları və qurğuları 9,1 faiz, ayaqqabılar 2,2 faiz, rezin şinlər 5,7 faiz, yük avtomobilləri 3,2 faiz, sintetik yuyucu vasitələr 7,3 faiz, qara metallardan çubuqlar 18,0 faiz, paltaryuyan maşınlar 6,7 faiz, sement 19,7 faiz azalıb.
İxracda isə təzə meyvə 21,4 faiz, təzə tərəvəz 18,0 faiz, şəkər 67,6 faiz, siqaretlər 38,4 faiz, kartof 47,8 faiz, bitki yağları 25,0 faiz, polipropilen 0,8 faiz, emal olunmamış alüminium 87,0 faiz, polietilen 12,7 faiz, sement klinkerləri 11,5 faiz, pambıq ipliyi 30,5 faiz artıb. Bununla yanaşı, tütün ixracı 30,9 faiz, meyvə və tərəvəz şirələri 1,2 faiz, konserv məhsulları 16,4 faiz, çay 2,9 faiz, marqarin və digər qarışıqlar 34,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu 14,8 faiz, mineral gübrələr 3,8 faiz, pambıq lifi 8,0 faiz, elektrik enerjisi 29,8 faiz, qara metallardan borular 11,3 faiz, qara metallardan çubuqlar 36,1 faiz, bentonit gili 15,1 faiz azalıb.
Fuad Mədətov
Finss.az
