BİZNES

13 Fevral

Səngəçal terminalı vasitəsilə “Şahdəniz” qazının ixrac həcmi açıqlanıb

2025-ci il ərzində Səngəçal terminalı vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından gündəlik orta hesabla təxminən 74,4 milyon standart kubmetr qaz ixrac edilib.

Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, bu həcm təxminən 2,628 milyard standart kub fut təşkil edir.

Məlumata görə, bu göstərici 2024-cü ildə qeydə alınmış gündəlik 76 milyon standart kubmetr qaz ixracı ilə müqayisədə illik ifadədə 2,1% azalma deməkdir.

Qaz ixracı Cənubi Qafqaz Boru Kəməri (SCP), o cümlədən SCP-nin genişləndirmə sistemi, həmçinin terminalın qaz emalı güclərini “Azəriqaz”ın milli şəbəkəsi ilə birləşdirən Azərbaycan boru kəmərləri vasitəsilə həyata keçirilir.

2025-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil olunan neft və qazın sualtı boru kəmərləri ilə Səngəçal terminalına nəqli davam edib.

Hazırda terminal sistemlərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” üzrə isə təxminən 81 milyon standart kubmetr qaz təşkil edir. Qaz üzrə ümumi ötürmə qabiliyyəti – AÇG-dən hasil olunan səmt qazı da daxil olmaqla – gündəlik təxminən 100 milyon standart kubmetr səviyyəsindədir.

Fuad Mədətov
Finss.az