2025-ci il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından Azərbaycan dövlətinə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,7 milyard kubmetr səmt qazı təhvil verilib.
Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, qaz əsasən Səngəçal terminalı vasitəsilə, həmçinin “Neft Daşları”ndakı qurğu üzərindən qəbul edilib.
Məlumata görə, hasil olunan səmt qazının qalan hissəsi isə lay təzyiqinin saxlanılması məqsədilə yenidən kollektora vurulub.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə AÇG-dən səmt qazının nəqli gündə 7 milyon kubmetr təşkil edib. Beləliklə, 2025-ci ildə nəql olunan səmt qazının həcmi illik ifadədə 14,3% artıb.
Qeyd olunur ki, 2025-ci ildə AÇG-də stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Orta illik neft hasilatı gündə təxminən 330 000 barrel olub. İl ərzində Çıraq (21 000), Mərkəzi Azəri (90 000), Qərbi Azəri (76 000), Şərqi Azəri (43 000), Dərinsulu Günəşli (51 000), Qərbi Çıraq (24 000) və ACE (25 000) platformalarından birlikdə gündə orta hesabla 330 000 barrel, ümumilikdə isə təxminən 120 milyon barrel və ya 16 milyon ton neft hasil edilib.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operator qismində çıxış edir.
AÇG-də iştirak paylarının bölgüsü aşağıdakı kimidir:
- bp – 30,37%
- SOCAR – 31,65%
- MOL – 9,57%
- İNPEKS – 9,31%
- EksonMobil – 6,79%
- TPAO – 5,73%
- İTOÇU – 3,65%
- ONGC Videsh – 2,92%
Fuad Mədətov
Finss.az
