Finss.az - “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması ölkələrimizin iqtisadi inkişafını dəstəkləyən uzunmüddətli əlaqələrin qurulması üçün yeni perspektivlər açır və birgə əməkdaşlığın genişləndirilməsini təşviq edir. Strateji tərəfdaşlıq çərçivəsində ticarət əlaqələrinin və investisiya mühitinin inkişafı, həmçinin enerji və texnologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi gözlənilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Günay Rəhimli mövzunu şərh edərkən bildirib ki, son illərdə Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Belə ki, ABŞ Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələrdən biri olmaqla 6-cı yerdə qərarlaşır və 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi ümumi dövriyyənin 3.15%-ni təşkil etməklə 1.6 milyard ABŞ dolları həcmində formalaşıb. Qeyd edək ki, bu rəqəm 2020-ci ildə 0.7 milyard dollar olub ki, bu da son 5 ildə ölkələr arasında ticarət dövriyyəsinin 2 dəfədən çox artdığını göstərir. Eyni zamanda, 2020-ci ildə ixrac 25 milyon dollar olmaqla ümumi ixracın 0.18%-ni təşkil edirdisə, 2025-ci ildə bu rəqəm 61.8 milyon dollar və ümumi ixracın 0.3%-ni təşkil edib. Ticarət əlaqələrindəki bu irəliləyişlər Azərbaycanın ABŞ ilə əməkdaşlıqda yeni investisiya və inkişaf imkanlarını artırmaqla strateji tərəfdaşlığın növbəti mərhələsinə qədəm qoymasına zəmin yaradıb.
İİTKM-in baş məsləhətçisi vurğulayıb ki, ölkələr üçün “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi kimi layihələr nümunəsində mühüm strateji əhəmiyyətə və iqtisadi faydaya səbəb olmuş məhsuldar əlaqələrin tarixinə əsaslanaraq, Azərbaycan və ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi inkişaf sahəsində əhəmiyyətli nəticələr verəcəyini gözləmək olar. Sənəddə ikitərəfli biznes mühitinin inkişaf etdirilməsi və sərmayələrin təşviq edilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur ki, bu da ölkəmizin qlobal iqtisadiyyata inteqrasiyası istiqamətində perspektivlər təqdim edir. Həmçinin, texnoloji inkişaf və kommersiyalaşma ilə bağlı birgə tədqiqat və inkişaf layihələri, uğurlu təcrübələrin paylaşılması və texniki yardım imkanları, ixtisaslı texnoloji işçi qüvvəsinin artımı istiqamətində tərəfdaşlığın gücləndirilməsi ölkəmizdə işçi qüvvəsinin məhsuldarlığının artırılması istiqamətində geniş imkanlar yaradır. Özəl sektorun fəal iştirakı ilə ikitərəfli və regional iqtisadi, ticarət və sərmayə əməkdaşlığının inkişaf etdirilməsi isə ölkədə biznes mühitinin yaxşılaşdırılması və dövlət-özəl tərəfdaşlığın genişlənməsinə əhəmiyyətli təsir göstərəcək.
Günay Rəhimli əlavə edib ki, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan və ABŞ arasında tərəfdaşlığın yeni mərhələsini başlatmaqla, iqtisadi əməkdaşlığın gücləndirilməsi, enerji və təhlükəsizlik sahələrində birgə fəaliyyətin artırılması və texnologiya sahəsində yeni təşəbbüslərin irəliləməsi üçün zəmin yaradır. Bu fəaliyyət Azərbaycan iqtisadiyyatının qlobal bazarlara inteqrasiyası və dayanıqlı inkişafın təmin olunması istiqamətində görülmüş işlərin davamı olmaqla ölkəmizin beynəlxalq iqtisadiyyatda daha fəal iştirakının təmin edilməsinə və regiondakı mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.

