BİZNES

13 Fevral

“Azəri-Çıraq-Günəşli” yatağında illik hasilat 120 milyon barrelə çatıb

2025-ci ildə Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında neftin ümumi hasilatı orta hesabla gündə 330 min barrel təşkil edib.

Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ildə qeydə alınmış gündəlik 342 min barrel hasilatla müqayisədə illik ifadədə 3,5% azalma deməkdir.

Şirkətin məlumatına görə, 2025-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İl ərzində ümumi hasilat Çıraq (21 000), Mərkəzi Azəri (90 000), Qərbi Azəri (76 000), Şərqi Azəri (43 000), Dərinsulu Günəşli (51 000), Qərbi Çıraq (24 000) və ACE (25 000) platformalarından birlikdə orta hesabla gündə 330 000 barrel olub.

Bu isə illik ifadədə təxminən 120 milyon barrel və ya 16 milyon ton neft deməkdir.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə AÇG iki mühüm yubiley hadisəsini qeyd edib. Fevralın 18-də Mərkəzi Azəri platformasından ilk neftin əldə olunmasının 20 ili tamam olub. Həmin platforma indiyədək ümumilikdə 1,2 milyard barrel (təxminən 157 milyon ton) neft hasil etməklə AÇG-də ən yüksək hasilat göstəricisinə malikdir.

Dekabrın 30-da isə Qərbi Azəri platformasından ilk neft hasilatının 20 ili tamam olub. Bu platformadan indiyədək 1 milyard barreldən çox (təxminən 142 milyon ton) neft hasil edilib.

2025-ci ilin sonunda AÇG-də ümumilikdə 147 neft hasilat quyusu, 49 su injektor quyusu10 qaz injektor quyusu istismarda olub.

Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operator qismində çıxış edir.

AÇG-də iştirak paylarının bölgüsü belədir:

  • bp – 30,37%
  • SOCAR – 31,65%
  • MOL – 9,57%
  • İNPEKS – 9,31%
  • EksonMobil – 6,79%
  • TPAO – 5,73%
  • İTOÇU – 3,65%
  • ONGC Videsh – 2,92%

Fuad Mədətov
Finss.az