2025-ci ildə bp və onun birgə fəaliyyət üzrə tərəfdaşları “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında əməliyyat xərclərinə təxminən 564 milyon ABŞ dolları, əsaslı xərclərə isə təxminən 1,288 milyard ABŞ dolları sərf ediblər.
Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, 2024-cü ildə AÇG üzrə əməliyyat və əsaslı xərclər müvafiq olaraq 535 milyon ABŞ dolları və 1,293 milyard ABŞ dolları təşkil edib.
Beləliklə, 2025-ci ildə əməliyyat xərcləri illik müqayisədə 5,4% artıb, əsaslı xərclər isə 0,4% azalıb. Ümumilikdə, ötən il AÇG layihəsinə yönəldilən vəsait təxminən 1,852 milyard ABŞ dolları olub.
İl ərzində AÇG-də 4D yüksək dəqiqlikli dəniz dibi seysmik-kəşfiyyat proqramı çərçivəsində 2024-cü ildə toplanmış məlumatların emalı uğurla başa çatdırılıb, həmçinin proqramın ikinci ili üzrə məlumatların toplanması tamamlanıb.
Bundan əlavə, “Dərinsulu Günəşli” (DWG) sahəsində dərinlikdə çoxquyulu müdaxilə kampaniyasına start verilib. Kampaniya çərçivəsində dəniz əməliyyatlarının 2026-cı ilin sonunadək başa çatdırılması gözlənilir.
Qeyd edək ki, “BP Exploration (Caspian Sea) Limited” AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişi (PSA) iştirakçıları adından operator qismində çıxış edir.
AÇG layihəsində iştirak payları aşağıdakı kimidir:
- bp – 30,37%
- SOCAR – 31,65%
- MOL – 9,57%
- INPEX – 9,31%
- ExxonMobil – 6,79%
- TPAO – 5,73%
- ITOCHU – 3,65%
- ONGC Videsh – 2,92%
Fuad Mədətov
Finss.az
