BİZNES

12 Fevral

2026-2027-ci illərdə Azərbaycanda neft hasilatı gündə orta hesabla 0,54 milyon barel proqnozlaşdırılır - EIA

Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatı 2026 və 2027-ci illərdə gündə orta hesabla 0,54 milyon barel səviyyəsində gözlənilir.

Finss.az ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) 2026-cı ilin fevral ayı üzrə qısamüddətli enerji proqnozuna əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin gündəlik təxminən 0,57 milyon barel səviyyəsi ilə müqayisədə azalıb. EIA qiymətləndirməsinə əsasən, 2026-cı ildə hasilatın rüblük paylanması belə olacaq:

  • Birinci rüb: 0,55 milyon barel/gün
  • İkinci rüb: 0,54 milyon barel/gün
  • Üçüncü və dördüncü rüb: 0,53 milyon barel/gün

Oxşar dinamika 2027-ci il üçün də proqnozlaşdırılır, illik orta göstərici gündəlik 0,54 milyon barel səviyyəsində formalaşacaq.

Ötən il, 2025-ci ildə Azərbaycanda qaz kondensatı daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu həcmdən:

  • 16,2 milyon ton – “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağı
  • 3,8 milyon ton – “Şahdəniz”
  • 0,6 milyon ton – “Abşeron”
  • 7,1 milyon ton – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)

Hesabat dövründə qaz kondensatı daxil olmaqla 23,1 milyon ton neft ixrac olunub. Bunun 20 milyon tonu konsorsiumlar, 2,5 milyon tonu SOCAR və 0,6 milyon tonu JOCAP tərəfindən təmin edilib.

Fuad Mədətov
Finss.az