BİZNES

12 Fevral

Azərbaycanda orta illik inflyasiya 5,7 faiz təşkil edib

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi (İQİ) 2025-ci ilin yanvar ayına nisbətən 105,7 faiz təşkil edib.

Finss.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir.

İndeks üzrə detallara görə:

  • Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları: 107,1 faiz
  • Qeyri-qida məhsulları: 103,5 faiz
  • Əhaliyə göstərilmiş ödənişli xidmətlər: 105,6 faiz

Ötən ayla müqayisədə (dekabr 2025) istehlak qiymətləri indeksi 101,5 faiz olub.

Qida məhsulları üzrə qiymət dəyişiklikləri

Yanvar ayında bahalaşma əsasən aşağıdakı məhsullarda müşahidə olunub:

  • Makaron, yulaf yarması, kolbasa, balıq və balıq məhsulları, süd, qatıq, pendir, şor, kəsmik, yumurta
  • Meyvələr: naringi, banan, alma, armud, xurma, kivi
  • Qoz, fındıq, göyərti
  • Tərəvəzlər: xiyar, pomidor, şirin bibər, balqabaq, badımcan, sarımsaq, kartof
  • Şokolad məmulatları, araq, konyak, şərab, siqaret

Ucuzlaşma isə yumru düyü, portağal, ağ kələm, süfrə çuğunduru, yerkökü, tomat pastasında qeydə alınıb.

Qeyri-qida məhsulları üzrə qiymət dəyişiklikləri

Yanvar ayında bahalaşma əsasən parçalar, divar kağızı, plastik pəncərə, laminat parket, sement, masa və oturacaq mebelləri, xalça, istilik sistemi üçün istilik qurğuları, kiçik elektrik cihazları, Aİ-92 benzini, dizel, mühərrik yağı, mobil telefonlar, qəzetlər və zərgərlik məmulatlarında olub.

Ucuzlaşma isə kəsilmiş taxta, soyuducu, kondisioner və planşet kompüterlərdə müşahidə edilib.

Ödənişli xidmətlər üzrə qiymət dəyişiklikləri

Bahalaşma əsasən: elektrik enerjisi və təbii qaz təchizatı, tibbi və stomatoloji xidmətlər, taksi, bərbərxana, restoran və kafelərin göstərdiyi iaşə xidmətləri.

Ucuzlaşma isə malların çatdırılması və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərində qeydə alınıb.

Fuad Mədətov
Finss.az