BİZNES

12 Fevral

Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsi artıb

2025-ci ildə Azərbaycanla İsveçrə arasında ticarət əməliyyatlarının həcmi 1,773 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 1,3 milyard ABŞ dolları və ya 3,8 dəfə çoxdur.

Hesabat dövründə İsveçrə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 3,59%-i həcmində olub. Bununla da İsveçrə 2025-ci ildə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 5-ci pillədə qərarlaşıb.

Ötən il Azərbaycandan İsveçrəyə 480,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu, əvvəlki illə müqayisədə 259,9 milyon ABŞ dolları və ya 2,2 dəfə artım deməkdir.

İxracın strukturunda 132,6 milyon ABŞ dolları dəyərində 260,2 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları yer alıb. Qeyd olunur ki, 2024-cü ilin eyni dövründə bu kateqoriya üzrə İsveçrəyə ixrac qeydə alınmayıb.

Eyni zamanda, 2025-ci ildə İsveçrəyə 347,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu göstərici 2024-cü illə müqayisədə 127,4 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur. Azərbaycanın qeyri-neft ixracında İsveçrənin payı 9,59% təşkil edib və bununla da İsveçrə qeyri-neft məhsulları üzrə əsas tərəfdaşlar arasında 4-cü pillədə qərarlaşıb.

Hesabat dövründə İsveçrədən Azərbaycana 1,293 milyard ABŞ dolları dəyərində idxal həyata keçirilib ki, bu da illik müqayisədə 1 milyard ABŞ dolları və ya 5,3 dəfə artım deməkdir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 49,423 milyard ABŞ dolları olub. Bu, əvvəlki illə müqayisədə 1,810 milyard dollar və ya 3,8% artım deməkdir.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.

Nəticədə 2025-ci ildə xarici ticarətdə 663 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.

Fuad Mədətov
Finss.az