BİZNES

11 Fevral

Yanvarda yerli və xarici istehlakçılara qaytarılan ƏDV ümumilikdə 20,4 milyon manat olub

2026-cı ilin yanvar ayında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 19 milyon 680,2 min manat vəsait qaytarılıb.

Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, bu ödənişlər pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, teatr tamaşaları, film nümayişi, muzey ziyarətləri və simfonik orkestr konsertləri sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktikalar üzrə fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə aiddir. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalar (hotellər) tərəfindən təqdim olunan gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV də geri qaytarılıb.

Eyni zamanda, 2026-cı ilin yanvar ayında xarici vətəndaşların respublika ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV (“tax free”) 718,2 min manat təşkil edib.

Beləliklə, yanvar ayında həm yerli, həm də xarici istehlakçılara geri qaytarılan ƏDV vəsaiti ümumilikdə təxminən 20,4 milyon manat olub və bu, layihənin icrasının effektivliyini göstərir.

Fuad Mədətov
Finss.az