2025-ci ildə Azərbaycana məhsul idxalının həcmi 24,380 milyard ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, idxalda dövlət sektorunun payı 8,283 milyard dollar, özəl sektorun payı 13,912 milyard dollar, fiziki şəxslərin payı isə 2,185 milyard dollar olub. Əvvəlki ilin göstəriciləri ilə müqayisədə bu rəqəmlər müvafiq olaraq 31,2%, 9% və 10,2% artım göstərib.
Hesabat dövründə dövlət sektorunun idxalda xüsusi çəkisi 33,98%, özəl sektorun payı 57,06%, fiziki şəxslərin isə 8,96% təşkil edib.
Eyni zamanda, 2025-ci ildə Azərbaycandan məhsul ixracının dəyəri 25,043 milyard ABŞ dolları olub. İxracda dövlət sektorunun payı 11,449 milyard dollar, özəl sektorun payı 13,445 milyard dollar, fiziki şəxslərin payı isə 148,5 milyon dollar təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 9,8%, 1,8% və 10,7% azalma göstərib. Dövlət sektorunun ixracdakı xüsusi çəkisi 45,72%, özəl sektorun payı 53,69%, fiziki şəxslərin payı isə 0,59% olub.
2025-ci ildə Azərbaycan xarici ölkələrlə ümumi 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da 2024-cü ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur. Xarici ticarət dövriyyəsinin 25,043 milyard dolları ixracın, 24,380 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.
Nəticədə, xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az
