Finss.az - “Beynəlxalq Şeremetyevo Hava Limanı” ASC (МАŞ) “Domodedovo” hava limanının alınmasından sonra onun idarəetmə strukturunda genişmiqyaslı islahatlara hazırlaşır.
MAŞ-ın baş direktoru Mixail Vasilenkonun sözlərinə görə, hava limanında son üç ildə audit aparılmayıb və hazırda restrukturizasiya zəruridir.
Yeni plana əsasən, “Domodedovo”nun ayrıca direktorlar şurası və menecmenti formalaşdırılacaq. İdarəetmə modeli “Şeremetyevo”nun təcrübəsinə əsaslanacaq. Məqsəd hava limanını zərərsiz və özünü maliyyələşdirən fəaliyyətə çıxarmaqdır.
Hökumət şirkətdən həm optimist, həm də pessimist ssenariləri əhatə edən inkişaf proqramı tələb edib. Pessimist variantda sərnişin axınının azalması nəzərə alınsa da, hava limanının bağlanması gündəmdə deyil.
Qeyd edək ki, yanvar ayında keçirilən özəlləşdirmə hərracında “Domodedovo” 66,13 milyard rubl qarşılığında “Şeremetyevo”nun nəzarətində olan şirkət tərəfindən satın alınıb. Son illərdə sərnişin axınının azalması və 75 milyard rubldan artıq borc yükü hava limanının maliyyə vəziyyətini çətinləşdirib.
Bununla belə, rəhbərlik 2026-cı ildə sərnişin və maliyyə göstəricilərinin yaxşılaşacağını proqnozlaşdırır.
