Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin 31 dekabr tarixinə dövlət büdcəsinə ümumilikdə 170,413 milyard manat həcmində vəsait transfert edib.
Finss.az bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir ki, 2025-ci il üzrə ARDNF-in dövlət büdcəsinə transfertinin həcmi 14,481 milyard manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 13,3% çoxdur və proqnozla tam uyğunluq təşkil edir.
Fondun aktivləri də əhəmiyyətli artım nümayiş etdirib. Belə ki,
- 2025-ci ilin əvvəlinə ARDNF-in aktivləri 60,031 milyard ABŞ dolları (102,053 milyard manat),
- 2025-ci ilin sonuna isə 22,5% artaraq 73,541 milyard ABŞ dollarına (125,020 milyard manat) çatıb.
2025-ci ilin yanvar–dekabr aylarında ARDNF-in ümumi gəlirləri 37,594 milyard manat olub.
Bu gəlirlərin:
- 17,160 milyard manatı büdcə gəlirlərinin,
- 20,434 milyard manatı isə valyuta məzənnələri və qızıl qiymətlərinin dəyişməsi nəticəsində yaranan büdcədənkənar gəlirlərin payına düşüb.
Hesabat dövründə Fondun büdcə xərcləri 14,627 milyard manat təşkil edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu 29 dekabr 1999-cu ildə yaradılıb və neft-qaz gəlirlərinin toplanması, səmərəli idarə olunması, həmçinin gələcək nəsillər üçün qorunmasını təmin edən büdcədənkənar dövlət təsisatıdır.
Fuad Mədətov
Finss.az
