Qiymətləndirmə istiqamətləri artırılır
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) əməyin qiymətləndirilməsi mexanizminin tətbiqinin rəsm bazarın genişlənməsinə, maliyyə hesabatlılığının güclənməsinə və şəffaflığın təmin olunmasına şərait yaradacağını bildirir.
Finss.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin üzvü Rüfət Əliyev deyib.
Onun sözlərinə görə, müstəqil qiymətləndirmə fəaliyyətinə əmək bazarının və əməyin dəyərinin qiymətləndirilməsi istiqaməti əlavə oluna bilər. Əməyin dəyərləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən mövcud 9 istiqamət çərçivəsində, xüsusilə xidmətlərin qiymətləndirilməsi bölməsi üzrə birbaşa və ya dolayı şəkildə öz əksini tapır. Əməyin dəyəri klassik qiymətləndirmə yanaşmaları – bazar, xərc və gəlir yanaşmaları əsasında müəyyən edilir.
Beynəlxalq təcrübəyə toxunan R.Əliyev bildirib ki, ABŞ-da əməyin dəyərinin qiymətləndirilməsi geniş yayılmış və institusionallaşmış praktikadır. Bu sahədə peşəkar qiymətləndiricilər, forensik ekspertlər, HR strukturları və müstəqil qiymətləndirmə şirkətləri fəal iştirak edir. Əməyin dəyəri ilə bağlı qiymətləndirmə hesabatları məhkəmə proseslərində, korporativ restrukturizasiya layihələrində, startap və innovasiya təşəbbüslərində, həmçinin birləşmə və satınalmalar (MA) zamanı istifadə olunur.
R.Əliyev qeyd edib ki, ABŞ-da əməkhaqqı dövlət tərəfindən tənzimlənməsə də, əməyin iqtisadi dəyəri çox vaxt qiymətləndirici hesabatlar vasitəsilə əsaslandırılır. Almaniyada isə bu proses iqtisadi ekspertiza formasında həyata keçirilir və rəsmi tanınmış ekspertlər (Öffentlich bestellter Sachverständiger) və qiymətləndirmə şirkətləri tərəfindən aparılır.
Ekspert vurğulayıb ki, əmək fəaliyyətinin qiymətləndirilməsinin əsas fəlsəfəsi “idarə etmək üçün ölçmək lazımdır” prinsipidir. Düzgün qurulmuş fəaliyyət və motivasiya sistemi işçiləri yekun nəticəyə fokuslayır, hədəflərin tez-tez dəyişdirilməsi isə həm işçi, həm də işəgötürən üçün mənfi nəticələr yaradır. Sabit və şəffaf qiymətləndirmə sistemi rəhbərliyə işçilərin etimadını qazanmağa və strateji qərarları əsaslandırılmış şəkildə qəbul etməyə imkan verir.
Əlavə olaraq, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında işçilərin fəaliyyətinin, məhsuldarlığının və inkişaf potensialının obyektiv qiymətləndirilməsini nəzərdə tutur. Bu proses təkcə fərdi işçilərə deyil, komandalara və bütövlükdə şirkətlərin fəaliyyətinə də tətbiq oluna bilər.

