2025-ci ildə Azərbaycan və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 7,635 milyard ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 706,4 milyon ABŞ dolları və ya 10,2% çoxdur.
Hesabatda bildirilir ki, ötən il Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 4% artaraq 1,767 milyard ABŞ dolları, idxalının dəyəri isə 12,2% artaraq 5,231 milyard ABŞ dolları olub.
2025-ci ildə MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 7,06%, idxalında payı isə 24,07% təşkil edib. Bu da MDB regionunun Azərbaycanın idxal strukturunda mühüm yer tutduğunu göstərir.
Hesabat dövründə Azərbaycanın MDB ölkələri ilə ən böyük ticarət dövriyyəsi Rusiya, Özbəkistan və Qazaxıstan ilə formalaşıb. Belə ki:
-
Rusiya ilə ticarət dövriyyəsi 4,920 milyard ABŞ dolları olub (+2,5%),
-
Özbəkistan ilə ticarət dövriyyəsi 795,2 milyon ABŞ dollarına çatıb (3,1 dəfə artım),
-
Qazaxıstan ilə ticarət dövriyyəsi isə 670,6 milyon ABŞ dolları təşkil edib (1,4 dəfə artım).
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə ümumilikdə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici əvvəlki illə müqayisədə 1,810 milyard dollar və ya 3,8% çoxdur.
Ümumi xarici ticarət dövriyyəsində 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.
Nəticədə, 2025-ci ildə Azərbaycanın xarici ticarətində 663 milyon ABŞ dolları məbləğində müsbət saldo formalaşıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.
Fuad Mədətov
Finss.az
