2025-ci ildə Azərbaycandan Gürcüstana bitumlu süxurlardan əldə olunmuş 3,838 min ton xam neft və neft məhsulları ixrac edilib. Bu məhsulların ixrac dəyəri 1,586 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövrü ərzində Gürcüstan Azərbaycandan neft idxal edən ölkələr arasında 21-ci yerdə qərarlaşıb.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri isə 12,1 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 16,2% azalma, fiziki həcm baxımından isə 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Qeyd edək ki, sözügedən məhsulların ixracı 2025-ci ildə Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.
Fuad Mədətov
Finss.az
