“Astara” modul tipli elektrik stansiyasında istismara verildiyi dövrdən indiyədək 2 milyard kilovatt-saatdan (kVt/saat) çox elektrik enerjisi istehsal olunub.
Finss.az Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki, stansiya 2006-cı il fevralın 3-də Astara rayonunun Ərcivan kəndində istismara verilib və artıq 20 ildir fəaliyyət göstərir.
Ümumi gücü 87 MVt olan elektrik stansiyası hər biri 8,7 MVt gücündə olmaqla 10 ədəd qaz porşenli aqreqatdan ibarətdir. Stansiya regionun elektrik enerjisi təminatında mühüm rol oynayır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycanda 26,896 milyard kVt/saat elektrik enerjisi istehsal edilib. Bu göstərici 2024-cü illə müqayisədə 168 milyon kVt/saat və ya 0,6% çoxdur.
Hesabat dövründə istehsal olunan elektrik enerjisinin 26 milyard kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da əvvəlki illə müqayisədə 158,6 milyon kVt/saat və ya 0,6% artım deməkdir.
Ümumilikdə, 2025-ci ildə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3,485 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Eyni zamanda, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 654,8 milyon manat təşkil edib.
Fuad Mədətov
Finss.az
