2025-ci ildə Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 644,1 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 3 milyon ABŞ dolları və ya 0,5% azdır. Hesabat dövründə İranla ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 1,3%-i səviyyəsində olub.
Ötən il Azərbaycandan İrana 20 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü illə müqayisədə 6 milyon dollar və ya 42,9% artım deməkdir.
Eyni zamanda, İrandan Azərbaycana ixracın həcmi 624,1 milyon ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 9 milyon dollar və ya 1,4% azalıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə ümumilikdə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,810 milyard dollar və ya 3,8% artım deməkdir.
Hesabat dövründə ixrac 25,043 milyard dollar, idxal isə 24,380 milyard dollar olub. Son bir ildə ixrac 1,5 milyard dollar (5,7%) azalıb, idxal isə 3,322 milyard dollar (15,8%) artıb.
Nəticədə, xarici ticarətdə 663 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da əvvəlki illə müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.
Fuad Mədətov
Finss.az
