2025-ci ildə AZPROMO ölkədə qeyri-neft məhsullarının ixracının genişləndirilməsi və investisiyaların cəlb olunması istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirib.
Ötən il ərzində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ölkənin ixrac və investisiya potensialının beynəlxalq müstəvidə təşviqi, yerli sahibkarların biznes əlaqələrinin genişləndirilməsi və iqtisadiyyata investisiya qoyuluşunun gücləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirib.
1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu
22-23 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda “Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi” mövzusunda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (“AIIF 2025”) keçirilib.
İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun təşkilatçılığı, “The European House – Ambrosetti” beyin mərkəzinin strateji tərəfdaşlığı, “Euronews”un media və “Sea Breeze” turizm zonasının təşkilati dəstəyi ilə keçirilən foruma müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmilər, dünyanın aparıcı şirkətlərinin və maliyyə institutlarının, beyin mərkəzlərinin təmsilçiləri, biznes nümayəndələri və qlobal investorlar, yerli və xarici media təmsilçiləri daxil olmaqla ümumilikdə 1 000-dək iştirakçı qatılıb.
Forumun ilk günündə regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, yaşıl enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularında plenar iclas və panel sessiyaları keçirilib. Tədbirin ikinci günü dövlət-özəl tərəfdaşlığı, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, yaşıl keçid və digər mövzulara həsr olunan panel sessiyaları baş tutub.
Tədbir çərçivəsində həmçinin ölkə iqtisadiyyatının prioritet sahələri üzrə investisiya imkanlarını əks etdirən genişmiqyaslı sərgi təşkil olunub. Sərgidə bir sıra dövlət qurumları, agentliklər, özəl şirkətlər və startaplar müxtəlif tematik zonalarda fəaliyyət istiqamətləri barədə məlumat veriblər, potensial layihələrini təqdim ediblər.
Qeyd edək ki, “AIIF 2025” zamanı şəhərsalma, infrastruktur, energetika, nəqliyyat, sənaye, səhiyyə, turizm və digər sahələri əhatə edən, ümumi dəyəri 10 mlrd. ABŞ dollarından çox olan layihələr üzrə sənədlər imzalanıb. İmzalanmış investisiya portfelinin 7 mlrd. ABŞ dollarından çox hissəsinin qeyri-neft sektoru üzrə xarici iştiraklı layihələri əhatə etməsi forumun iqtisadi diversifikasiya hədəflərinə xidmət edən nəticələrini daha da gücləndirib.
Forumda aparılan müzakirələr enerji və yaşıl gündəm, nəqliyyat-logistika, sənaye, aqrar sahə, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak daxil olmaqla prioritet sektorları əhatə edib və beynəlxalq investor marağının təşviqinə mühüm töhfə verib.

İxracın təşviqi və “Made in Azerbaijan” brendinin tanıdılması
Ötən il qeyri-neft məhsullarının xarici bazarlarda təşviqi sistemli şəkildə davam etdirilib. Beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə və fərdi qaydada iştirak mexanizmləri vasitəsilə 65 sahibkara ümumilikdə 134 dəfə dəstək göstərilib. Bu isə yerli məhsulların müxtəlif bazarlarda təqdimat imkanlarının genişləndirilməsinə maliyyə alətləri ilə birbaşa töhfədir.
Sərgilərdə vahid ölkə stendi ilə iştirak mexanizmi çərçivəsində il ərzində daxil olmuş 93 müraciət əsasında 46 şirkət “Made in Azerbaijan” brendi altında 6 beynəlxalq sərgidə iştirak edib. Həmin şirkətlər Ər-Riyadda “The Saudi Food Show 2025”, Kazanda “Russia Halal Expo 2025”, Almatıda “KazBuild 2025”, Kölndə “Anuga 2025”, Şanxayda “China International Import Expo” (“CIIE 2025”), Dubayda “Big 5 Global UAE 2025” sərgilərində təmsil olunub. Sərgilər zamanı məhsulların təqdimatı ilə yanaşı, potensial alıcılarla görüşlər keçirilib, mümkün əməkdaşlıq istiqamətləri və ixrac imkanları müzakirə edilib.
Sərgilərdə iştirak bir sıra hallarda konkret ixrac göstəriciləri ilə müşayiət olunub. Məsələn, “The Saudi Food Show 2025” sərgisində iştirak nəticəsində 5 yerli şirkət yeni alıcıların tapılması, eləcə də mövcud alıcılarla əməkdaşlığın genişləndirilməsi yolu ilə Səudiyyə Ərəbistanı, Yəmən və Türkmənistan kimi ölkələrə ixrac əməliyyatları həyata keçirib.
Bundan başqa, “Interfood Azerbaijan”, “Anuga 2025” və “CIIE 2025” kimi sərgilər çərçivəsində qurulan işgüzar əlaqələr nəticəsində yerli şirkətlərimiz tərəfindən müxtəlif qida və içki məhsullarının İsrail, Avropa ölkələri və Çin bazarlarına ixracı üzrə razılaşmalar əldə olunub.
Ölkə daxilində keçirilən beynəlxalq sərgilər də ixracın təşviqi və işgüzar əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayıb. Bakı Ekspo Mərkəzində keçirilən 30-cu “Interfood Azerbaijan” Beynəlxalq Qida Sənayesi Sərgisində yerli sahibkarların iştirakı təmin edilib, ziyarətçilərə ölkənin investisiya mühiti və ixrac potensialı barədə materiallar təqdim olunub, yerli və xarici tərəfdaşlarla görüşlər təşkil edilib. Sərgi çərçivəsində qurulmuş əməkdaşlıq əsasında ilkin ixrac əməliyyatı həyata keçirilib. “Rebuild Karabakh” – 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində isə vahid stendlə yerli sahibkarların iştirakı təmin olunmaqla yeni biznes əlaqələrinin genişlənməsi üçün əlavə imkan yaradılıb.
Beynəlxalq sərgilərdə fərdi qaydada iştirak mexanizmi çərçivəsində yerli ixracatçıların bazar coğrafiyasının genişlənməsinə yönəlmiş maliyyə dəstəyi davam etdirilib. Bu mexanizm nəticəsində 24 fərqli ölkədə keçirilmiş 62 beynəlxalq sərgidə iştiraka görə 34 unikal ixracatçıya 405 min manatdan çox dəstək göstərilib. Bununla da “Made in Azerbaijan” brendinin daha geniş coğrafiyada tanıdılması və məhsulların beynəlxalq bazarlarda təmsilçiliyinin artırılması üçün əlavə imkanlar yaradılıb.

Sahibkarlarla işgüzar görüşlər və təlimlər
AZPROMO-nun təşkilatçılığı ilə il ərzində sahibkarlarla 100-dən çox işgüzar görüş keçirilib, onların 300-ə yaxın müraciətinə baxılıb. Müxtəlif sahələri əhatə edən assosiasiyalar, regionlarda fəaliyyət göstərən istehsalçı və ixracatçılarla keçirilən görüşlərdə mövcud dəstək mexanizmləri, planlaşdırılan yeni mexanizmlər, ixrac coğrafiyasının genişləndirilməsi və digər məsələlər haqqında müzakirələr aparılıb. “Beynəlxalq və yerli sərgilərdə “Made in Azerbaijan” brendi altında iştirak” mövzusunda keçirilən görüşdə də beynəlxalq sərgilər üzrə məlumatlandırma aparılıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar üçün “İxrac Akademiyası” və elektron ticarətlə bağlı iki təlim təşkil olunub.
İnvestisiyaların təşviqi
2025-ci ildə investisiya təşviqi istiqamətində AZPROMO tərəfindən 30-a yaxın şirkətə ölkədə fəaliyyətin davam etdirilməsi üçün dəstək göstərilib, 150-yə yaxın xarici şirkətin Azərbaycanda fəaliyyətə başlaması məqsədilə görüşlər keçirilib, sorğular cavablandırılıb və təkliflər hazırlanıb. Daha geniş miqyasda isə il ərzində 200-dən çox xarici şirkətlə onlayn və işçi qaydada görüşlər təşkil edilib, eləcə də Qətər, BƏƏ, Əlcəzair, Türkmənistan və digər ölkələrdə təşkil edilən biznes forumlarda Azərbaycanın investisiya mühiti təqdim olunub.
“Invest in Azerbaijan” informasiya sistemi
İnvestisiya fəaliyyətinin səmərəli həyata keçirilməsi ilə bağlı “Invest in Azerbaijan” informasiya sisteminin əsasnaməsi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 noyabr tarixli Fərmanı ilə təsdiq edilib. Bu platforma investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsini təmin edəcək. Sistem investorların elektron müraciət göndərməsinə, həmçinin mövcud layihələr, imtiyazlar və ölkənin investisiya mühiti barədə məlumatlara daha operativ və vahid mənbədən çıxışına imkan yaradacaq.
Tədbirlərin təşkili və beynəlxalq əməkdaşlıq
Hesabat ilində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə 25-i Azərbaycanda, 25-i isə xarici ölkələrdə olmaqla ümumilikdə 50 tədbir təşkil olunub. Eyni zamanda, 27 beynəlxalq tədbirdə və işgüzar səfərdə iştirak təmin olunub. Bu tədbirlər çərçivəsində qeyri-neft ixracının stimullaşdırılması, ixrac potensiallı yerli məhsullar üzrə yeni tərəfdaşlıqların qurulması, eləcə də Azərbaycanın investisiya imkanlarının potensial investorlara tanıdılması məqsədilə təqdimatlar keçirilib, ikitərəfli və çoxtərəfli formatlarda görüşlər təşkil olunub. İl ərzində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər çərçivəsində 20 anlaşma memorandumu, əlavə olaraq fəaliyyət planı, iqtisadi-ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi və beynəlxalq əməkdaşlıq sazişi imzalanmaqla institusional tərəfdaşlıq mexanizmləri daha da gücləndirilib.
Ötən il ixracın təşviqi üzrə dövlət dəstəyi alətlərinin tətbiqinin genişləndirilməsi, həmçinin investisiya təşviqinin institusional və rəqəmsal baxımdan daha da təkmilləşdirilməsi istiqamətində nəticələr əldə edilib. İlboyu həyata keçirilən tədbirlər, sərgi və forumlarda iştirak, sahibkarlarla qurulan sistemli dialoq və investor xidmətlərinin rəqəmsallaşdırılması ölkənin qeyri-neft ixracının genişlənməsinə, beynəlxalq biznes əlaqələrinin dərinləşməsinə və iqtisadiyyata investisiya cəlbinin daha da artırılmasına xidmət edib.
