BİZNES

09 Fevral

Ötən il Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 5,72 milyard dollar olub

2025-ci ildə Azərbaycan-Türkiyə ticarət əməliyyatlarının həcmi 5,721 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 409,3 milyon dollar və ya 6,7% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,58%-ni təşkil edib. Beləliklə, Türkiyə ölkələr sırasındakı ən böyük ticarət tərəfdaşlarından 2-ci pillədə qərarlaşıb.

Ötən il Azərbaycandan Türkiyəyə 3,378 milyard dollar dəyərində məhsul ixracı qeydə alınıb ki, bu da 11,6% və ya 441,6 milyon dollar azalma deməkdir. Xam neft və neft məhsullarının ixracı 118 milyon dollar təşkil edib (242,6 min ton) ki, bu da 2024-cü illə müqayisədə dəyər ifadəsində 49,2%, həcm baxımından isə 43,6% artım göstərir.

Eyni zamanda, qeyri-neft məhsulları üzrə ixrac 597,3 milyon dollar olub ki, bu da 2024-cü ilə nisbətən 10,1% artım deməkdir. Azərbaycanın qeyri-neft məhsulları ixracında Türkiyənin payı 16,46% olub və ölkə Rusiya ilə birlikdə ikinci yerdədir.

Türkiyədən Azərbaycana ixrac isə 2,343 milyard dollar olub ki, bu da 2024-cü ilə nisbətən 1,4% artım təşkil edir.

Ümumilikdə, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb. Bunun 25,043 milyard dolları ixrac, 24,380 milyard dolları isə idxal hissəsinə düşüb. İxrac 1,5 milyard dollar və ya 5,7% az, idxal isə 3,322 milyard dollar və ya 15,8% artım göstərib.

Nəticədə xarici ticarətdə 663 milyon dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 8,3 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az