BİZNES

09 Fevral

Azərbaycandan Avstriyaya neft və neft məhsulları ixracı artıb

2025-ci ildə Azərbaycandan Avstriyaya 88 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 177,5 min ton xam neft və neft məhsulları ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 40,1 milyon dollar və ya 1,8 dəfə, həcm baxımından isə 91,6 min ton və ya 2 dəfə artım deməkdir. 2024-cü ildə Avstriyaya ixrac 47,9 milyon dollar və 85,9 min ton təşkil etmişdi.

Hesabat ilində Azərbaycandan dünyada 21 ölkəyə bitumlu süxurlardan əldə edilmiş 23,4 milyon ton xam neft və neft məhsulları ixrac olunub ki, bunun ümumi dəyəri 12,1 milyard ABŞ dolları olub.

2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkənin neft ixracından əldə etdiyi gəlir 2,4 milyard dollar və ya 16,2% azalsa da, fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım müşahidə olunub.

Qeyd olunur ki, bu məhsullar 2025-ci ildə Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az