BİZNES

09 Fevral

"AzerGold"un ixrac gəlirləri artıb

2025-ci ildə “AzərGold” QSC tərəfindən 225,7 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına əsasən xəbər verir ki, “AzərGold”un ixrac göstəriciləri 2024-cü illə müqayisədə 58,6 milyon ABŞ dolları və ya 35,1 faiz artıb.

Məlumata əsasən, 2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac isə 18,4 faiz artım göstərərək 1,2 milyard ABŞ dollarına bərabər olub.

Qeyri-dövlət ixracatçı subyektlərin 2025-ci ilin yanvar–dekabr ayları üzrə reytinqində ilk onluqda aşağıdakı şirkətlər yer alıb:

“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Prime Cotton” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “TABATERRA” QSC, “STP Alüminium” MMC, “Export Stream” MMC, “P-AQRO” MMC, “KHAN-EL” MMC və “AGRARCO” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlər arasında isə ilk sırada ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qərarlaşıb. Siyahıda, həmçinin “SOCAR Polymer” MMC, “AzərGold” QSC, “Azəralüminium” MMC, ARDNŞ-nin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Socar-Dalğıc” MMC, “İstisu” mineral su zavodu MMC, “Azərbaycan Dəmir Yolları” QSC və “SOCAR CAPE” MMC də yer alıb.

Fuad Mədətov
Finss.az