Finss.az xəbər verir ki, 2025-ci ilin sentyabr–dekabr aylarında Qazaxıstandan Azərbaycana buğda ixracı 126,9 min ton təşkil edərək, ötən ilin eyni dövrü ilə müqayisədə 34% azalıb.
Finss.az xəbər verir ki, bu barədə Qazaxıstanın Taxıl İttifaqı məlumat yayıb.
Qurumun Analitika Komitəsinin rəhbəri Yevgeni Karabanov bildirib ki, Qazaxıstan dörd ay ərzində ümumilikdə 4 milyon 123,3 min ton buğda (yumşaq və bərk) ixrac edib, bu isə ötən mövsümün eyni dövrü ilə müqayisədə təxminən 1,5 dəfə çoxdur.
Dekabr ayında ixrac isə tarixi maksimum göstəriciyə çataraq 1 milyon 778 min ton olub ki, bu, noyabr ayı ilə müqayisədə 2,1 dəfə, 2024-cü ilin dekabrı ilə müqayisədə isə 1,85 dəfə çoxdur. Karabanov qeyd edib ki, marketinq ilinin ilk dörd ayında buğdanın ixrac potensialının təxminən 50%-i reallaşdırılıb.
Bundan əlavə, 2025-ci ilin sentyabrında başlayan marketinq ilində Qazaxıstan buğdası əvvəlki illərdə ixrac edilməyən ölkələrə də göndərilib. Belə ki, Əlcəzairə 140 min ton (dekabrda 56,5 min ton), İrana 56,5 min ton, Niderlanda 2,9 min ton, Portuqaliyaya isə 2,2 min ton buğda ixrac olunub.
Fuad Mədətov
Finss.az
