BİZNES

06 Fevral

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artıb

2025-ci ildə Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 881,3 milyon ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 77,3 milyon dollar və ya 9,6% artım deməkdir.

Hesabat dövründə Gürcüstan ilə ticarət Azərbaycanın ümumi dövriyyəsinin 1,78%-i həcmində olub və Gürcüstan Azərbaycanın ən çox ticarət etdiyi 10 ölkə sırasına daxil olub.

Ötən il Azərbaycandan Gürcüstana 712,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilə nisbətən 37,5 milyon dollar və ya 5,5% artım deməkdir. İxrac əməliyyatlarının içində 1,586 milyon ABŞ dolları bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarına aiddir. Bu məhsulların həcmi isə 3,838 min ton təşkil edib. Qeyd edək ki, əvvəlki ilin eyni dövründə Azərbaycandan Gürcüstana belə ixrac qeydə alınmamışdı.

Eyni zamanda 347,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilə nisbətən 75,2 milyon dollar və ya 27,6% artım deməkdir. Azərbaycanın qeyri-neft məhsulları ixracında Gürcüstanın payı 9,59% olub və bu ölkə qeyri-neft ixracında Azərbaycanın 3-cü ən böyük tərəfdaşı sayılır.

Gürcüstandan Azərbaycana isə 168,7 milyon ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da 2024-cü illə müqayisədə 39,8 milyon dollar və ya 30,9% artım deməkdir.

2025-ci ildə Azərbaycan ümumilikdə xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% artım deməkdir. Xarici ticarət dövriyyəsində ixrac 25,043 milyard, idxal 24,380 milyard dollar təşkil edib. Son nəticədə xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az