2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,6 milyard ABŞ dolları təşkil edərək, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb. Xüsusilə yeyinti məhsulları üzrə ixrac 1,2 milyard ABŞ dolları ilə 18,4% yüksəlib.
Finss.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”na əsasən, ixrac olunan məhsullar arasında şəkər 57,4%, meyvə-tərəvəz 27,4%, alüminium və məmulatları 24,2%, pambıq iplik 19,3%, kimya sənayesi məhsulları 8%, bitki və heyvan mənşəli piylər və yağlar isə 2% artım göstərib.
Aqrar məhsullar üzrə ixrac 26,7% artaraq 1 milyard ABŞ dollarına, aqrar-sənaye məhsulları isə 314,7 milyon ABŞ dollarına çatıb. Bütövlükdə, bu sahələrin birgə ixracı 1,3 milyard ABŞ dolları olub, bu da 18,9% artım deməkdir.
Dekabr ayında ixrac siyahısında xurma 36,4 milyon ABŞ dolları ilə lider olub, qızıl 29,2 milyon ABŞ dolları ilə ikinci, qabığı təmizlənmiş meşə fındığı isə 20,3 milyon ABŞ dolları ilə üçüncü sırada yer alıb. Bütün il üzrə qeyri-neft sektorunda qızıl 326,2 milyon ABŞ dolları ilə ən çox ixrac olunan məhsul olub, onu pomidor (192,5 milyon USD) və karbamid (170,8 milyon USD) izləyib.
Əsas ixrac tərəfdaşları Rusiya (1,2 milyard USD), Türkiyə (597,3 milyon USD), Gürcüstan (347,9 milyon USD), İsveçrə (347,8 milyon USD) və Ukrayna (201 milyon USD) olub.
Qeyri-dövlət ixracatçılar arasında “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin nümayəndəliyi, “Prime Cotton” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “TABATERRA” QSC və digər şirkətlər üstünlük təşkil edib. Dövlətə məxsus şirkətlər arasında isə “AzərGold” QSC, SOCAR CAPE, “SOCAR-Dalğıc” və “SOCAR Qaz İxrac İdarəsi” öndə olub.
Sənaye sektorunda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 7,916 milyard manat olub. Bu sərmayələrin 5,213 milyard manatı mədənçıxarma, 636,7 milyon manatı emal sənayesi, 1,711 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, 354,8 milyon manatı isə su təchizatı və tullantıların emalına yönəldilib.
2025-ci ildə sənaye məhsulunun ümumi dəyəri 63,1 milyard manat təşkil edib ki, bunun 59,6%-i mədənçıxarma, 33,9%-i emal, 5,5%-i elektrik enerjisi və 1%-i su təchizatı sahələrinə aiddir. Qeyri-neft-qaz sektoru üzrə məhsul istehsalı 5,5% artıb; emal sənayesində xüsusilə əczaçılıq (86,3%), ağacın emalı (57,0%), hazır metal məmulatları (17,0%) və elektrik avadanlıqları (19,5%) sahələrində artım müşahidə olunub.
Qızıl hasilatı 2,965 kiloqram, gümüş hasilatı isə 3,646 kiloqram olub, bu göstəricilər müvafiq olaraq 11,3% və 14,5% artımı əks etdirir. Bank sektoru tərəfindən sənaye və istehsal sahəsinə yönəldilmiş kredit portfeli 1,692 milyard manata çatıb. Real sektora ümumi kredit qoyuluşu isə 32,471 milyard manat təşkil edərək 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2% artıb.
Analitiklər bildirirlər ki, Azərbaycanın qeyri-neft sektorunda ixrac və sənaye istehsalındakı artım iqtisadi diversifikasiyanın uğurlu göstəricisidir. Proqnozlara görə, 2026-cı ildə ÜDM artımı 2,5%, 2027-ci ildə isə 3% səviyyəsində gözlənilir və qeyri-neft sektoru bu artımda əsas rol oynayacaq.
Fuad Mədətov
Finss.az
